Maliyyə ombudsmanı yaradılacaq
Azərbaycanda maliyyə sektorunda istehlakçıların hüquqlarının daha yaxşı qorunması və yaranan problemlərin operativ həll edilməsi məqsədilə Maliyyə Ombudsmanı institutunun yaradılması nəzərdə tutulur. Bu barədə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib.
Qeyd edək ki, hazırda istehlakçılar maliyyə sektorundakı problemlərlə bağlı iki yerə – həmin sahəni tənzimləyən dövlət qurumlarına (Dövlət Sığorta Nəzarəti Xidmətinə və Azərbaycan Mərkəzi Bankına), həm də məhkəmə instansiyalarına müraciət edə bilər. Xidmət rəhbərinin sözlərinə görə, tənzimləyici orqanlar heç də bütün hallarda yaranan problemi həll edə bilmir: «Bəzən şikayəti araşdırmaq bizim səlahiyyətlərimizə aid olmur, elə şikayətlər olur ki, burada ayrıca araşdırma, ekspertiza və s. tələb olunur. Belə vəziyyətlərdə şikayətçiyə məhkəməyə müraciət etməyi məsləhət görürük».
Lakin bəzən şikayətçilər məbləğlər kiçik olduğuna görə, vaxt itkisi və əlavə məsrəflərlə üzləşməmək üçün heç məhkəməyə də müraciət etmirlər: «Buna görə də inkişaf etmiş ölkələrdə maliyyə sektoru üçün ayrıca ombudsman institutu yaradılır». Beynəlxalq təcrübəyə görə, maliyyə ombudsmanı xidmətləri vətəndaşlara tam pulsuz göstərilir.
Xdmət rəhbəri qeyd edib ki, maliyyə ombudsmanlarının işində də müəyyən məhdudiyyətlər və proseduralar var: «Əvvəla şikayətçi ombusmana müraciət etməzdən əvvəl şikayətçi olduğu sığorta şirkətinin rəhbərliyindən cavab almalıdır. Bundan başqa, onlar yalnız fiziki şəxslərin şikayətlərini araşdırır, eləcə də onların araşdırdığı iddianın məbləği müəyyən məbləğlə məhdudlaşdırılır. Daha iri məbləğli mübahisələr məhkəmələrdə həll olunur».
Qeyd edək ki, ölkədə maliyyə ombudsmanının yaradılması ilə bağlı məsələ bu gün Bakıda işə başlayan «İstehlakçıların müdafiəsi və maliyyə savadlılığının artırılması» üzrə seminarda da müzakirə olunur. Seminarda Böyük Britaniya və Qazaxıstanın maliyyə ombudsmanı sahəsində təcrübəsi ilə bağlı təqdimatlar keçiriləcək.
Hələlik Azərbaycanda maliyyə ombudsmanının nə vaxt yaradılacağı dəqiqləşməyib. N.Xəlilovun sözlərinə görə, bunun üçün müvafiq qanunvericilik bazası da yaradılmalıdır.