Pensiya sistemində islahatlar necə aparılacaq?

DSMF sədrinin müavini: “Sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, sosial sığorta normativlərinin optimallaşdırılması diqqətə alınacaq”
Pensiya sistemində islahatlar necə aparılacaq?
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev “Pensiya təminatı sisteminin islahatı Konsepsiyası” layihəsinin hazırlanması haqqında sərəncam imzalayıb. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, DSMF sədrinin müavini Elman Mehdiyevin bildirib ki, Azərbaycanda həyata keçirilmiş sürətli islahatların nəticəsi kimi beynəlxalq standartlara cavab verən sığorta-pensiya sistemi uğurla fəaliyyət göstərir.
Elman Mehdiyev qeyd edib ki, hazırda sistemin cari təkmilləşdirilməsi tədbirləri Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı” çərçivəsində davam etdirilir. Bütün bunlarla yanaşı sistemin uzunmüddətli inkişafı üzrə strateji hədəflərin müəyyən olunması və sistem göstəricilərinin müasir tələblərə uyğunlaşdırılmasının davam etdirilməsi mühüm əhəmiyyət kəsb edir: “Bu məqsədlə konsepsiya layihəsinin hazırlanması zamanı sığorta-pensiya sistemində sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, sistemdəki bir sıra əlavə hüquq və imtiyazların bu prinsiplər əsasında tənzimlənməsi, bir sıra göstəricilərin, o cümlədən sosial sığorta normativlərinin optimallaşdırılması, Dövlət Sosial Müdafiə Fondunun maliyyə bazarının aktiv iştirakçısına çevrilməsi, könüllü sığortalanmanın təşviqi istiqamətlərinin müəyyənləşdirilməsi diqqətə alınacaq”.






Fikirlər