Uruqvay Azərbaycanın notasına cavab verib

Uruqvay Parlamentinin Nümayəndələr Palatası sədrinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri ilə bağlı Uruqvay Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin etiraz notasına cavab verib.
XİN-in mətbuat xidmətindən verilən məlumata görə, notada Uruqvay XİN uruqvaylı parlamentarların Dağlıq Qarabağa səfəri ilə əlaqədar bildirib ki, Uruqvayın beynəlxalq fəaliyyəti dövlətlərin suverenliyi, ərazi bütövlüyü, xalqların azad şəkildə öz müqəddəratını təyin etməsi, daxili işlərə qarışmama, münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquqa tam hörmət kimi möhkəm və ənənəvi prinsip və dəyərlərə, eyni zamanda Uruqvayın da təsisçi üzvü olduğu BMT-nin təməlində dayanan digər fundamental prinsiplərə əsaslanır.
Notada, həmçinin qeyd olunur ki, beynəlxalq sülh və təhlükəsizliyin qorunması da Uruqvay dövlətinin qətiyyət və əminliklə müdafiə etdiyi BMT Nizamnaməsinin əsas prinsiplərindən biridir. “Bu xüsusda, Uruqvay Ermənistan Respublikası ilə dərin və ənənəvi təmaslara və Azərbaycan Respublikası ilə səmimi və konstruktiv dostluq münasibətlərinə malikdir. Bu səbəbdən, Uruqvay hökumətinin ən böyük istəyi Uruqvaya dost olan bu iki dövlət arasında mövcud ziddiyyətlərin müvafiq xalqların və hökumətlərin birgə yaşayışı və əməkdaşlığını qoruyacaq dialoq, anlaşma və digər sülhpərvər yollarla həllinə səy göstərməkdən başqa heç nə ola bilməz ki, bu da, şübhəsiz ki, bütün regionun gələcək çiçəklənməsi və rifahında öz əksini tapacaq.
Uruqvayın heç bir davranışı və ya mövqeyi bu çərçivədən kənar şəkildə təfsir edilməməlidir, qeyd olunanlardan fərqli məqsəd və niyyətlər daşımasından isə söhbət belə gedə bilməz”, – deyə cavab notasında bildirilir.
Uruqvay Azərbaycanın notasına cavab verib






Fikirlər