Qafqaz dindarları parçalandı?
Bakıda və Mahaçqalada iki dini konfransın keçirilməsi suallar doğurur
Noyabrın 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin iqamətgahında Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) iclası keçirilib. İdarənin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Avrasiya İslam Şurası Təşkilatının tədbirinə yola düşməzdən öncə baş tutan iclasda Şimali Qafqaz müftiləri və QMİ-nin Gürcüstandakı, Batumi və Dərbənddəki səlahiyyətli nümayəndələri, habelə Dağıstanın milli siyasət, dini işlər və xarici əlaqələr naziri Bekmurza Bekmurzayev iştirak ediblər.
Tədbirdə edilən çıxışlarda qeyd olunub ki, Qafqazda sülh və sabitliyin qorunub saxlanılması prosesində ənənəvi İslam dəyərlərinin qorunub saxlanılması, yad təsirlərdən qorunması olduqca vacibdir. Bu işdə dini liderlərin, dövlət qurumlarının üzərinə düşən vəzifələrdən danışan natiqlər dini və etnik zəmində qarşıdurmaların yaranmasında maraqlı olan qüvvələrin mənfur planlarının həyata keçməsinin qarşısını almaq yönündə birgə effektiv tədbirlər barədə fikir mübadiləsi aparıblar. Din adından sui-istifadə, etnik separatçılıq və dini ayrı-seçkilik halları qətiyyətlə pislənilib, həmçinin dünyanın qaynar bölgələrində haqqı tapdalanan müsəlmanların vəziyyəti barədə danışılıb, bölgədə və dünyada ədalət və barışın bərqərar olması naminə dini-mənəvi birlik nümayişinin vacibliyi qeyd olunub.
Eyni zamanda ANS-ə müsahibə verən QMİ sədri Şeyx Hacı Allahşükür Paşazadə son vaxtlar Rusiyada bəzi qüvvələrin antiazərbaycan fəaliyyətinin aktivləşməsi, milli azlıqların qızışdırılması hallarına da münasibət bildirib. Şeyx bu qüvvələri “ağıllı olmağa” səsləyib: “Mən çox istərdim ki, bu insanlar ağıllı olsunlar və onlar bu günlərdə atdıqları addımlara fikir versinlər. Bununla həm Azərbaycana, həm də öz xalqlarına qarşı gedə bilərlər. Mən bütün olanlardan çox təəssüflənirəm və ona görə də istərdim ki, bu məsələdən istifadə olunmasın və onların atdığı addımlardan bizi istəməyən qüvvələr dövlətimizə qarşı istifadə etməsinlər”.
Maraqlıdır ki, demək olar eyni günlərdə Dağıstanın paytaxtı Mahaçqalada da dini liderlərin toplantısı keçirilib. “Dağıstan - sülh ərazisi” adlı konfransda Dağıstan müftisi Əhməd Hacı Abdullayev, Rusiyadan Əli Vyaçeslav Polosin, xaricdən gəlmiş şeyx Əli Mühəddin Qaradağlı, Beynəlxalq İslam Alimləri İttifaqının üzvü şeyx Abdar Rəhman bin Abdulla əl-Mahmud və həmin ittifaqın direktor əvəzi Rəşad Umri Aləvi iştirak ediblər.
Dağıstan Respublikasının prezidenti Məhəmmədsalam Məhəmmədov konfransdakı çıxışında ümid etdiyini bildirib ki, tədbir təriqətlərarası ziddiyyətlərə son qoyacaq və İslamın daha dərindən dərk olunmasına yardım edəcək, ölkədə sülh və anlaşmaya gətirəcək.
Qeyd edək ki, Dağıstanda və bir gün sonra Bakıda dini liderlərin konfransının keçirilməsi maraq doğurur. Məlum olduğu kimi, son bir neçə ildə Dağıstanda məzhəblərarası münasibətlər xeyli dərəcədə gərginləşib. Bölgə üçün nisbətən yeni dini cərəyanların tərəfdarları ilə ənənəvi dini cərəyanlar, xüsusən də sufi təriqətlərinin nümayəndələri arasında münasibətlərin pisləşdiyi müşahidə olunur. Mətbuatın yaydığı məlumata görə, təkcə son bir il yarım ərzində Rusiyanın cənub ərazilərində - Tatarıstan və Şimali Qafqazda 10 nəfərdən artıq müsəlman dini lider və onların tərəfdarları öldürülüb. Bunların arasında Şeyx Səid əfəndi kimi sufi liderlərə yanaşı sələfi cərəyanına mənsub imamlar Qalimulla İbrahimov və digərləri də var. Baş verənlər hazırda geniş formada olmasa da dini qruplar arasında münasibətlərin qarşıdurma həddinə çatdığını göstərir.
Ancaq bu konfransların ayrılıqda keçirilməsi müəyyən qədər sual yaradır. Aydın məsələdir ki, Dağıstanda hələ də QMİ ilə münasibətləri qoruyub saxlayan ruhanilər var. Çeçenistanın hazırkı rəhbəri Kadırov özü də A.Paşazadə ilə yaxın münasibətlərini qoruyub saxlayır. Ancaq eyni zamanda Rusiya müsəlmanlarının hazırkı rəhbərliyi, eləcə də bir sıra bölgələrin ruhani liderləri artıq çoxdandır QMİ ilə formal əlaqələrini kəsiblər. Hətta Rusiya müftisi Ravil Qaynutdinin QMİ sədri ilə soyuq münasibətlərinin olması da məlumdur. Belə görünür ki, Qafqaz ruhanilərini Şeyxdən ayırmaq üçün hər iki konfransın eyni təqvimə təsadüf etməsi “məsləhət görülüb”.
Azertaym.az