“Auto-Azərbaycan” vətəndaşları necə aldadır?
Azərbaycanda fəaliyyət göstərən bəzi avtomobil şirkətlərinin nümayəndələri olduqca “orjinal” fırıldağa imza atmaqda ad çıxarmağa başlayıblar. Azertaym.az-a daxil olan məlumatlara görə, artıq iş o həddə çatıb ki, vətəndaşlar narazılıq etməyə başlayıblar.
Diqqətinizə çatdıraq ki, son günlər telekanallarda “Dodge” markalı avtomobillərin reklamı gedir. Orada qeyd olunur ki, istənilən şəxs 39500 manat pul ödəyərək maşına sahib ola bilər. Amma bunun reklam olduğu maşın almaq üçün gedən zaman tam aydın olur.
Azertaym.az-a şikayət edən vətəndaşlar bildirirlər ki, “Dodge” markalı avtomobillərin Azərbaycanda satış üzrə nümayəndəliyi olan “Auto-Azərbaycan” sözün həqiqi mənasında maraqlı fırıldağa əl atırlar. Belə ki, nümayəndəliyin rəhbəri Vüqar Bayramov vətəndaşlardan 39500 manatlıq maşın üçün 1000 manat beh alır. Əslində, burada qeyri-adi bir şey yoxdur. Lakin gedişatın fonunda məlum olur ki, bu qeyri-adi olmayan məsələnin içində başqa mətləblər yatır.
Şikayətçilər bildirirlər ki, “Auto-Azərbaycan” rəhbərliyi onları şirnikləndirmək üçün deyir ki, maşın alan şəxsə 2500 manatlıq güzəşt ediləcək. Amma bunun üzərindən 1 həftə keçməmiş vətəndaşlara bildirilir ki, nəzərdə tutulan maşından yoxdur və gətirilməyəcək. Əvəzində isə 42500 manatlıq maşın təklif olunur. Və qeyd olunur ki, yeni model maşında 2500 manatlıq güzəşt nəzərdə tutulmayıb.
Azertaym.az olaraq məsələni araşdırmaq məqsədi ilə “Auto-Azərbaycan” şirkətinin 0124964433 nömrəli telefonuna zəng vurduq. Şirkətin nümayəndəsi Səbinə Əliyva bizə yuxarıda qeyd etdiyimiz prosedurları bildirdi. O da vurğuladı ki, 39500 manatlıq maşın almaq istəyənlər onlara müraciət edə bilər.
Xatırladaq ki, “Dodge” markalı maşın da daxil olmaqla, “Auto-Azərbaycan” şirkəti daha 7 avtomobil markasının satışı ilə məşğul olur.
Məsələ ilə bağlı araşdırmamız davam edir.