“ÜÇÜNÜZÜ DƏ DİVARA SÜRTƏRƏM, TAPDALAYARAM!” – Paşinyan Koçaryanı, Sarqsyanı və Ter-Petrosyanı hədələdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan qarşısında kapitulyasiyaya görə məsuliyyətin onun yox, ondan əvvəlki Ermənistan rəhbərlərinin üzərində olduğunu deyir.

“AzPolitika” xəbər verir ki, Ermənistan parlamentində çıxış edən Paşinyan onu hədəfə alan sabiq prezidentlər - Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarqsyanı təhdid edib. Onun sözlərinə görə, Ermənistanın Azərbaycan qarşısında kapitulyasiyası hələ o hakimiyyətə gəlməzdən öncə qaçılmaz idi.

Baş nazir deyib ki, dəfələrlə onların hər üçünü canlı debata çağırsa da, qorxaqlıqlarından gəlmirlər. Əvəzində öz yaxın qohum-əqrəbalarını efirlərə, mətbuata çıxarıb onu söydürürlər (Maraqlıdır ki, Paşinyan həmin qohumları sadalayarkən, Azərbaycan dilində “bacanaq” sözündən istifadə edib).

Paşinyan keçmiş prezidentləri ya debata çıxmağa, ya da səslərini kəsməyə çağırıb. O deyib ki, canlı efirdə Qarabağla bağlı debatların keçiriləcəyi təqdirdə Ermənistanın keçmiş prezidentlərini “divara sürtəcək”: "Amma bu üç "düşüncə nəhəngi" deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur. Lakin sonra da övladlarını, nəvələrini, gəlinlərini, bacanaqlarını mətbuat konfranslarına göndərirlər. Hey, danışmağa sözünüz yoxdursa, yerinizdə oturun və səsinizi kəsin. Yox, varsa, gəlin danışaq. Mən sizinlə nəinki danışacam, sizi divara sürtəcəm! Sonra oradan sizin siyasi leşinizin qalıqlarını çıxaracaqlar. Bəsdir əsəblərimizlə oynadınız. Bu, hər üçünüzə aiddir! Sizi tapdalayaram. Onlar bunu bilirlər. Buna görə də gəlmirlər…”






Fikirlər