Siruz Qoçqani ilə bağlı qalmaqal böyüyür: Digər həkim əməliyyatdan NİYƏ İMTİNA edib?

Siruz Qoçqani ilə bağlı qalmaqal böyüyür: Digər həkim əməliyyatdan niyə imtina edib?

May  ayının 11-də “Baku Medical Plaza”da Siruz Qoçqaninin keçirdiyi əməliyyat nəticəsində dünyasını dəyişən Turanə Musazadənin ailəsinin hüquqi nümayəndəsi Samir Zeynalov istintaqın gedişi ilə bağlı yeni məlumatlar əldə edib. 

Hüquqşünasın “Yeni Sabah”a verdiyi məlumata görə, artlıq Turanənin ölüm epikrizi ailəsinə təhvil verilib: “Turanə öz xarici görünüşündən narazı olduğu üçün ilk olaraq “Med Era” Hospitalda plastik cərrah Günel Bayramlıya müraciət edib. Xanım cərrah Turanə Musazadədən analizlər götürdükdən sonra onun əməliyyata girməsini məqsədəuyğun bilməyib. 

Bundan sonra “Baku Medical Plaza”da Siruz Qoçqaniyə müraciət edən Turanə əməliyyata girmək üçün “hə” cavabı alıb. May ayının 11-də saat 14-də klinikaya gələn qız saat 22:50-də dünyasını dəyişib. Epikrizdə ölümə səbəb kimi aşagıdakı diaqnoz qoyulub: “Hipomastiya. Süd vəzin silikonlaşdırılması. Qeyri bərabər piylənmə. Ağciyər arteryasının piy emboliyası? Kəskin ürək-ağıciyər çatışmazlığı”.

Göründüyü kimi Turanə Musazadə də kəskin-ağciyər çatışmazlığı olduğundan Günel Bayramlı Turanəni əməliyyat etməkdən imtina edib. Qoçqani isə qızda bu xəstəliyi görə-görə əməliyyata razılıq verib. 

Qeyd edək ki, Turanə Musazadə Bakıda əmək fəaliyyəti ilə məşğul olub, bundan öncədə bədənində plastik əməliyyat etdirib. Ancaq süd vəzinin kiçik və salaq olmasından, qarın, bel və kürək nahiyyəsinin qeyri-bərabər piylənməsindən, xarici görkəmindən narazı olduğu üçün yenidən əməliyyata girib. 

Sonda Samir Zeynalov tək Siruz Qoçqaninin yox, həmçinin bu ölüm hadisəsi ilə yanaşı ötən ilki hadisəyə görə də “Baku Medical Plaza”nın rəhbərliyinin məsuliyyət daşıdığını bildirib: “Faktiki həkimin sertifikasiyası yoxdu. Hətta həmin klinikada işləyən xarici vətəndaşılığı olan digər həkimlərin də sertifikasiyası yoxlanılmalıdır. Ümumilikdə Siruz Qoçqaninin əlindəki 3 ölüm faktı ilə bağlı Baş prokurorluğa müraciət olunacaq”. 

Həm Turanə Musazadə, həm də Sona Gülgünün ölüm işi ilə bağlı araşdırmalar Xətai rayon prokurorluğunda aparılır. 

Azər  

Siruz Qoçqani ilə bağlı qalmaqal böyüyür: Digər həkim əməliyyatdan niyə imtina edib?  






Fikirlər