Məmurlar artıq anlasın: heç kim heç kimə borclu deyil
"Biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün əminəm ki, çox ciddi addımlar atılacaq. Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki, bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə, qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır - kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq". Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Prezident İlham Əliyev belə deyib. Sahibkarları boğurlar, soyurlar, incidirlər Yerli icra hakimiyyəti strukturları və xüsusilə də hüquq-mühafizə orqanlarının sahibkarların normal fəaliyyətlərinə imkan verməmələri ilə bağlı faktlar az deyil. Sayı bilinməyən lisenziyalar Dövlət başçısı ölkədəki müvafiq dövlət strukturları tərəfindən verilən lisenziyalardan da danışdı. Sirr deyil ki, bu lisenziyalar bir piar məmurlar üçün rüşvət və qazanc mənbəyinə, asan gəlir vasitəsinə çevrilib. Məmur ihisarçılığının kökü kəsilməlidir Azərbaycanda bir para məmurlar postlarından istifadə edərək iqtisadiyyatın müəyyən seqmentlərini büsbütün nəzarət altına almaq, süni inhisarlar yaradaraq varidatlarını artırmaq istəyirlər. Azərtaym.az Milli.az-a istinadən.
Vəzifəsindən, imkanlarından, səlahiyyətlərindən sui-istifadə edən, yalnız varlanmağı düşünən və bunun üçün vətəndaşlara olmazın çətinliklər yaradan, qanunları pozan, hüquqları tapdalayan məmurlar səbr kasasının daşdığını artıq anlamalıdırlar.
Vəssəlam, kimlərsə nəyə görəsə güvənərək talançılıq, özbaşınalıq etmək, harınlamaq, sadə vətəndaşları "tapdalayıb keçmək" şərti ilə milyonların cəmləşdiyi varidata doğru getmək artıq mümkün olmayacaq.
Qanunlar sərtləşəcək, tələblər ağırlaşacaq, nəzarət güclənəcək.
Yoxlamaların sayının ifrata vardığını, kiçik və orta sahibkarlıq üçün məngənəyə çevrildiyini, rüşvətxor məmurların qanunsuz tələblərinin artıq absurd həddinə çatdığı barədə çox yazdıq. Məmurlar isə hər dəfə bir bəhanə gətirərək əməllərinə haqq qazandırmağa çalışır, əksər hallarda isə onların əməllərini araşdıranları hədələyir, niyyətləri puça çıxanda da dilə tutmağa çalışırdılar.
Onlar əməllərinə görə məsuliyyət daşımayacaqlarını düşünür, özlərini qanunun fövqündə görürdülər.
Lakin dövlət başçısı bu şəxslərə yerlərini göstərdi.
Daha doğrusu, rüşvətxor və vəzifəllərindən sui-istifadə edərək varlanmağa çalışanların yerləri hələ tam bəlirlənməyib: onlar ilk əvvəl tutduqları yerləri tərk etməlidirlər ki, sonra da əməllərinə görə qanun qarşısında cavab versinlər.
Məmurlar, çiynipaqonlular sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsləri "özüyeriyən gəlir mənbəyi" saydıqlarından rüşvətlər, pul tələbləri, hədə-qorxuların sayı tükənnmək bilmir.
Halbuki, qanunu pozanlar anlamırlar ki, sahibkarlar yalnız dövlətin vergisini verməli, qanunvericilik çərçivəsində fəaliyyət göstərməlidirlər - sahibkar kimsəyə, xüsusilə də icra hakimiyyətinin işçilərinə, dövlət qurumlarının mənsublarına, yaxud da hüquq-mühafizə orqanlarının əməkdaşlarına borclu deyil və ola da bilməz.
Bunu dövlət başçısı da söylədi: "Yerli icra hakimiyyəti orqanları, o cümlədən hüquq-mühafizə orqanları bəzi hallarda sahibkarlara problemlər yaradırlar, bəzi hallarda onlardan pul tələb edirlər. Sahibkar heç kimə - nə yerli icra orqanlarının, nə də hüquq mühafizə orqanlarının nümayəndələrinə borclu deyil, ancaq dövlətin vergisini verməlidir, vəssalam. Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır. Bax 30 minə yaxın iş yeri bağlanıb. 67 min daimi iş yeri yaradılıb, 30 mini bağlanıb. Bax bunun təhlilini aparmaq lazımdır. Mənə məlumat verilsin ki, o iş yerləri hansı səbəblər üzündən bağlanıb. O müəssisələrin rəhbərlərini dəvət etmək, soruşmaq lazımdır. Buna son qoyulmalıdır. Əlbəttə, bunun obyektiv səbəbləri də var. Amma subyektiv səbəblər də var. Gəlirlər, əsassız tələblər irəli sürürlər, sanki bunlara kimsə borcludur. Heç kim heç kimə borclu deyil. Bu əməlləri törədənlər ciddi şəkildə cəzalandırılacaq. Onlar bu çirkin əməllərdən əl çəksinlər. Bu, ilk növbədə, bizim siyasətimizə ziddir. Digər tərəfdən, bu, imkan vermir ki, iqtisadiyyatımız tam şəkildə inkişaf etsin, sahibkarlar ölkədə rahat işləsinlər".
Rüşvətxorluq və korrupsiya ilə mübarizənin yerli, çox effektiv modeli ""ASAN Xidmət" sayıla bilər. Rüşvətxorluğun, korrupsiyanın olacağı bütün sahələrin əksəriyyəti həmin "ASAN Xidmət" vasitəsilə həyata keçirilir, vətəndaşlar da bu fəaliyyətdən çox razıdır.
Günlərlə, həftələrlə, bəzən aylarla süründürməçiliyə salınan, rüşvət tələbləri ilə müşayiət olunan məsələlər "ASAN xidmət"də cəmi bir günə həll olunur.
Cəmi bir günə! Deməli, ölkədə rüşvətxorluğun kökünü qazımaq, harınlamış məmurların tükənməyən iştahlarını söndürmək və məhv etməyin yolu "ASAN Xidmət"dən keçirmiş. Hər halda ilkin mərhələdə belə oldu və sözügedən strukturun indiyədək fəaliyyəti yüz minlərlə vətəndaşdan yalnız təqdir və dəstək görüb. Belədirsə, "ASAN Xidmət"in təcrübəsi, iş stili və fəaliyyət modeli digər dövlət qurumlarına da tətbiq oluna bilər, deyilmi?
Nazirlər Kabinetinin iclasında İlham Əliyev dedi: "Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı, gör biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq".
Çox konkret - nəticələr çıxarılmalıdır və ən qısa zamanda gərəkli tədbirlər görülməlidir.
Acınacaqlı durum ixrac əməliyyatlarında xüsusilə qabarıq şəkildə nəzərə çarpır.
Dövlət başçısı söyləyib: "İqtisadiyyat üçün əsas problemlərdən biri də inhisarçılıqdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ ciddi nəticələrə nail ola bilməmişik, həm istehsalda, həm də idxalda. Burada da, bilmirəm bu nə psixologiyadır ki, düşünürlər, əgər mən bu məhsulu istehsal edirəmsə, başqası gərək istehsal etməsin. Başqasına da imkan vermək lazımdır ki, rəqabət olsun. Rəqabət olmasa, inkişaf da olmaz, keyfiyyətli məhsullar da olmaz. Qoy hər kəs istehsal etsin. Yaxşı, bazarımız ola bilər ki, kifayət qədər məhduddur. Elə məhsullar yetişdirin, istehsal edin ki, xaricə sata biləsiniz. Dövlət də bunu təşviq etsin. Bizim gələcəkdə iqtisadiyyatımızın inkişafını təmin edən əsas sahə ixrac olacaqdır. Bunu mən dəfələrlə demişəm. Biz buna çox ciddi hazırlaşırıq. Burada artıq deyildi ki, biz xaricdə logistika mərkəzləri yaradırıq. Nə üçün? Ona görə xaricə vəsait qoyuruq ki, məhsullarımız oraya - yeni bazarlara çıxsın. Bunu ona görə edirik ki, sahibkarların gedib öz məhsullarını rahat satmaq imkanları olsun. Burada isə əgər kimsə nəyisə istehsal edirsə, qoymur ki, başqası da istehsal etsin. Yaxud da ki, himayədarları müxtəlif yollarla bu işlərə cəlb edir. Buna yol vermək olmaz. O cümlədən idxalla bağlı inhisarçılığa yol vermək olmaz. Yenə də deyirəm, biz açıq bazar iqtisadiyyatı siyasətini aparırıq. Bizim siyasətimiz, dövlət siyasəti, Prezidentin siyasəti, bax budur. Ona görə bütün qurumlar bu siyasəti aparmalıdırlar, vəssalam!"
İnhisarçılıqla məşğul olan məmurlar və özlərini "çox rahat" hiss edən şəxslər cəzalarını almalı, vəzifələrindən uzaqlaşdırılmalıdır. Belələrinə indiyədək dəfələrlə xəbərdarlıq olunub.
Amma onlar xəbərlarlıqdan nəticə çıxarmayıblarsa, deməli, artıq cinayət məsuliyyəti daşımalıdırlar. Belə insanlara idarəetmə sistemində yer olmamalıdır.
Dövlət başçısının mövqeyi, Azərbaycan vətəndaşlarının istəyi, cəmiyyətin sosial sifarişi budur.Orxan Hun