"AZƏRBAYCAN ORDUSU QARABAĞDA TƏDRİCƏN İRƏLİLƏYİR" - Separatçılar qorxuya düşüblər...

Azərbaycan tərəfinin istənilən bəyanat və hərəkətlərini diqqətlə izləyən Erməmistanda Xankəndi və ətraf ərazilərin taleyilə bağlı narahatlıq getdikcə artır. İş o yerə çatıb ki, artıq ermənilər nəinki Azərbaycanın rəsmi dairələrinin, hətta ayrı-ayrı fəalların, sosial şəbəkə istifadəçilərinin açıqlamalarından belə ürkək düşürlər.

“AzPolitika.info” xəbər verir ki, Ermənistanda Azərbaycandakı ictimai fəallardan birinin öz sosial şəbəkə hesabında paylaşdığı “iyunda Xankəndi Bakının tam nəzarətində olacaq – istər güc, istərsə sülh yolu ilə” sözləri əməlli-başı isterikaya səbəb olub.

Qarabağ separatçıları bununla bağlı xüsusi təkzib yayıblar. Qondarma rejimin “spikeri” Artur Tovmasyan erməniləri sakitləşdirməyə çalışıb və bəyan edib ki, onların təhlükəsizliyinin qarantı "rus sülhməramlıları və "artsax ordusu"dur”.

 

 

Bununla yanaşı, separatçıların təmsilçilərindən biri, qondarma qurumun rəhbərinin keçmiş müşaviri, hazırda isə siyasi ekspert kimi fəaliyyət göstərən Tiqran Abramyan baş verənlərə dair maraqlı şərh verib.

O, deyib ki, Tovmasyanın “təhlükəsizliyin qarantı "rus sülhməramlıları və "artsax ordusu"dur” fikri təsadüfi deyil. Abramyana görə, Tovmasyan “Qarabağın təhlükəsizliyi” barədə danışarkən bilərəkdən Ermənistanın, Ermənistan ordusunun adını çəkmir. Çünki artıq Ermənistan Qarabağdan əlini üzüb: “Tovmasyan xüsusi qeyd edir ki, təhlükəsizliyin qarantı rus sülhməramlıları və “Qarabağ ordusu”dur. Tovmasyan yaxşı başa düşür ki, Ermənistan bu prosesdə yoxdur, o, Qarabağdan imtina edib və bu, 2020-ci il faciəsinin(44 günlük müharibə nəzərdə tutulur-red.) növbəti mərhələsidir.”

Abramyan qeyd edib ki, Ermənistan hökumətilə Qarabağdakı rejim arasında bununla bağlı anlaşma olub.

Xatırladaq ki, Nikol Paşinyan və Ermənistanın ondan əvvəlki rəhbərli həmişə rəsmən bəyan edirdilər ki, Qarabağdakı separatçı rejimin təhlükəsizliyinin təminatçısı Ermənistandır. Lakin göründüyü kimi, artıq bu cür bəyanatlar verilmir və separatçılar rəsmi İrəvanın onlardan imtina etdiklərini bildirirlər.

Ancaq məsələ ondadır ki, zatən 10 noyabr sazişinə görə, rus sülhməramlılarının əraziyə daxil olmasına paralel olaraq, Ermənistan ordusunun hissələri Qarabağı tərk etməli idilər. Bu proses indiyə qədər yubadılır və Ermənistan sazişin həmin bəndini yerinə yetirməkdən boyun qaçırmağa çalışır. 

 

 

Bunlarla yanaşı, hər hansı rəsmi açıqlama olmasa da, sosial şəbəkələrdə və mətbuatda Ermənistan ordusunun hərbi texnikasının Qarabağdakı qalıqlarının Laçın dəhlizi ilə Ermənistan istiqamətində hərəkət etdiyinə dair videolar yayılıb.

Siyasi şərhçi Elxan Şahinoğlu bu mövzu ilə bağlı bildirib ki, erməni separatçılarının narahatlığı təsadüfi deyil: “Birincisi, Azərbaycan qarşısında qoyduğu hədəfin böyük hissəsinə çatıb. Azərbaycan Ordusu işğal altındakı ərazilərin böyük hissəsini azad edib. Ancaq Azərbaycan yerdə qalan hədəflərə də çatmalıdır. Misal üçün Prezident İlham Əliyev də qeyd edib ki, “biz Xocalıya qayıdacağıq”. Bu, o deməkdir ki, Azərbaycan istənilən vasitə ilə Xocalını işğaldan azad etməyi qarşısına məqsəd qoyub. Bunu erməni separatçıları da anlayırlar.

Azərbaycan hərbçiləri Xocalıya daxil olduqdan sonra Xankədinin mühasirəsi daralacaq. Bunu da erməni separatçıları anlayırlar.

İkincisi, erməni informasiya saytları son zamanlar belə xəbərlər yayırlar ki, Azərbaycan ordusunun bölmələri Qarabağın müxtəlif istiqamətlərində postlarını irəli çəkirlər. Yəni Azərbaycan ordusu Qarabağda tədricən irəriləyir. Bu, Azərbaycanın haqqıdır. 10 noyabr bəyanatı o demək deyil ki, biz əldə etdiyimizlə kifayətlənməliyik, harda mümkündürsə postlarımızı irəli çəkməliyik”.

 

 

Politoloq deyir ki, Qarabağdakı erməni separatçıları indiki şərtlər altında Azərbaycan Ordusunun irəliləməsinə mane ola bilməyəcək: “Ona görə də erməni separatçıları yeganə həll yolunu Rusiyanın bu prosesin qarşısını almasında görürlər. Onlar istəyirlər ki, Azərbaycan Ordusunun əraziləri nəzarət altına almasına Rusiyanın bölgədəki hərbçiləri mane olsunlar. Əlbəttə, rusiyalı hərbçilərin Qarabağda saylarının artmasıyla bağlı şübhələr var. Halbuki, 10 noyabr bəyanatına görə Qarabağda rusiyalı hərbçilərin sayı 1960 nəfər olmalıdır. Ancaq hətta sayın artıq olduğunu fərz etsək belə, rusiyalı hərbçilər Qarabağdakı təmas nöqtələrinin tamamına nəzarət edə bilmirlər. Erməni separatçılarını qorxudan amillərdən biri də budur. Digər tərəfdən, erməni separatçıları ondan da qorxular ki, Rusiya hakimiyyəti Azərbaycan və Türkiyə ilə tərəfdaşlığa zərər verməmək üçün Qarabağda rəsmi Bakının hansısa istəklərini yerinə yetirə bilər”.

Ekspertin sözlərinə görə, Rusiya və Türkiyə rəsmilərinin tez-tez görüşmələri və fikir mübadiləsi aparmaları da erməni separatçılarını narahat edir: “Bakı ilə Ankara Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bu ay Şuşaya səfərinə ciddi hazırlaşır. Bu hazırlıqların arxasında Azərbaycan - Türkiyə ittifaqının Qarabağda da möhkəmləndirilməsi dayanır. Bu prosesə Moskva mane ola bilməyəcək. Misal üçün Kremlin əlində Türkiyənin Şuşada konsulluq açmasına və ya Türkiyənin Şuşada hərbi qarnizon yerləşdirməsinə qarşı alətləri yoxdur”.

 






Fikirlər