ŞEYX də müsəlmanları TƏBRİK etdi...

Şeyx müsəlmanları təbrik etdi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə dünya müsəlmanlarını və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, bayram təbrikində deyilir:

"​Allaha şükürlər olsun ki, bu ilki Qurban bayramını 30 illik Qarabağ həsrətinin sonu, illər boyu etdiyimiz duaların qəbul olduğunu bildirən Zəfər müjdəsi kimi qarşılayırıq. Artıq neçə müddətdir ki, xalqımız öz tarixinin ən möhtəşəm bayram sevincini – Vətən müharibəsindəki Qələbənin qürurunu yaşayır. Qəhrəman Azərbaycan əsgərinin işğaldan azad olmuş ərazilərdə dövlətimizin üçrəngli bayrağını ucaltması, Şuşa və Ağdam məscidlərinin minarələrindən azanların səslənməsi İlahi ədalətin bərpası deməkdir. Bu mübarək günləri bizə, bütün xalqımıza yaşatdığı üçün Uca Yaradana və dövlətimizə sonsuz həmd-sənalar edirik!

Həmrəylik, yardımlaşma və mənəvi təmizlənmə rəmzi olan bu müqəddəs gündə Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızı rəhmət dualarıyla yad etmək, qazilərimizə, yaralılarımıza Allah-təaladan şəfaət və səadət diləmək bizim vəfa borcumuzdur. Biz Qarabağda dalğalanan Azərbaycan bayrağı naminə canından keçən hər bir şəhidimizə Allahdan rəhmət diləyir, qazilərimizə şəfalar arzulayırıq.

​Əziz həmvətənlərim! Bir daha bu əziz bayram münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edir, Qurban bayramının daşıdığı mənəvi dəyərlərə həmişə sadiq qalmağı Uca Yaradandan təmənna edirik. Allah-Təala bütün müsəlman ümmətinin ibadətlərini qəbul etsin, Azərbaycan dövlətini və dövlət rəhbərimizi qorusun, Allahın mərhəmət nəzəri daim Vətənimizin və xalqımızın üzərində olsun!

Qurban bayramımız mübarək olsun!".






Fikirlər