RUSİYANIN İTKİLƏRİNDƏ YENİ REKORD... - Baş Qərargah cəbhədəki son durumu açıqladı + VİDEO
Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiya qoşunlarının 12 hücumunun qarşısını alıb, 5 artilleriya sistemini, 5 piyadaların zirehli döyüş maşınını və 5 avtomobilini məhv edib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri son sutkada Rusiyanın “Ka-52” helikopterini, “Orlan-10” tipli PUA-sını və Çernovtsk vilayətində Rusiyanın qanadlı raketinin məhv edib. Məlumata görə, Rusiyanın ilhaq etdiyi Krım yarımadasından Zaporoje istiqamətində canlı qüvvə və hərbi texnika göndərilir. Rəsmi informasiyaya əsasən, Qara və Azov dənizlərində Rusiya gəmiləri Ukraynaya məxsus mülki su nəqliyyatı vasitələrini blokadada saxlamaqda davam edir. Bundan əlavə Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 29 750 hərbçisi zərərsizləşdirilib. Bundan başqa, hücum edən tərəfin 1 322 ədəd tankı, 3 246 ədəd zirehli döyüş maşını, 623 ədəd artilleriya sistemi, 201 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 206 ədəd hərbi təyyarəsi, 170 ədəd helikopteri, 115 qanadlı raketi, 2 226 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 503 ədəd dronu və 48 ədəd xüsusi texnikası məhv edilib. Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü nəticəsində indiyədək 241 uşaq ölüb, 438 uşaq güllə və qəlpə yarası alıb. Bu məlumatı isə Ukraynanın Baş Prokurorluğu yayıb.Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Sumı, Jitomir şəhərlərində xəsarət alıb. Məlumata görə, Rusiyanın bombardmanları nəticəsində şəhər və kəndlərdə 1 887 təhsil müəssisəsinə ziyan dəyib, 180-ni isə tamamilə dağıdılıb. Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir. Rusiyanın Ukrayna işğalında ən çox zərərçəkən məntəqələrdən biri Mariupol oldu. Liman şəhəri sözün həqiqi mənasında yerlə-yeksan olub. Yerli sakinlərdən biri kabus şəhərin içərisindən görüntülər paylaşıb. Kadrlarda xarabalığa çevrilən yaşayış məntəqələri, dəlmə-deşik olmuş binalar, yarıuçuq müəssisələr, məhv olmuş infrastruktur əks olunub. Video müəllifi zərərin miqdarından heyrətə gələrək, yolun hər iki tərəfində eyni anda bu qədər binaların hansı üsulla bu hala salındığını təəccüblə soruşur. O, həmçinin bu kadrlarla Mariupolda minlərlə qurban olduğu barədə deyilənlərin həqiqiliyini sübut etdiyini vurğulayıb.