HACIYEV BAKININ “QIRMIZI XƏTTİNİ” AÇIQLADI - Qriqoryan isə hələ də "nala-mıxa " vurur...

Erməni rəsmiləri də artıq  "status" kəlməsini işlətməyə cəsarət etmirlər...

 

"Bu ilin sonunadək Azərbaycanla sülh müqaviləsinin imzalanmasına və Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasına dair razılaşmalar var".

"AzPolitika.info" xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ölkənin ictimai televiziyasına bildirib.

Armen Qriqoryan əldə olunmuş razılaşmalardan söz açıb: “Delimitasiya və sülh müqaviləsi arasında qarşılıqlı əlaqə var...Ermənistanı narahat edən budur ki, Azərbaycan sərhədin delimitasiya olunmamış hissəsindən Ermənistana hücum üçün bəhanə kimi istifadə edə bilər. Buna görə də biz bu məsələyə aydınlıq gətirdik. Ermənistan və Azərbaycan sərhədi 1929-cu ildə delimitasiya edilib və demək lazımdır ki, bununla da Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası başa çatıb. İndi bizə bunu əsas kimi götürmək barədə qarşılıqlı razılığa gəlmək qalır. Bununla da Ermənistanın 29 min 800 kvadrat kilometrlik ərazisi sığortalanmış olur və irəliyə yol açılır”.

 

 

 

Erməni mediası xatırladır ki, dörd ay bundan əvvəl Ermənistan rəsmiləri bildirirdilər ki, onlar sülh danışıqlarının başlanması üçün “dağlıq Qarabağ”ın “statusu”nun müəyyən edilməsini zəruri hesab edirlər. İndi isə onların leksikonundan “status” söz yoxa çıxıb.

 

İndi Ermənistan rəsmiləri məkirli niyyətlərini Qarabağda qalan ermənilərin təhlükəsizliyi məsələsi altında gizlətməyə çalışırlar. Qriqoryan bu barədə deyib: “Danışıqlara yanaşma belədir: biz sülh müqaviləsi ilə Ermənistan-Azərbaycan münasibətlərini normallaşdırırıq. Qarabağa gəlincə isə biz “dağlıq Qarabağ” və Azərbaycan arasında hüquq və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün beynəlxalq mexanizmin yaradılmasına dair partnyorlarımızla, eləcə də bütün oyunçularla danışıqları davam etdiririk”.

 

 

Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev oktyabrın 13-də Armen Qriqoryanın açıqlamalarını şərh edib: “Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyinin müzakirə olunması üçün hər hansı bir beynəlxalq mexanizmin yaradılmasından söhbət getmir və gedə bilməz. Suverenlik Azərbaycanın qırmızı xəttidir. Beynəlxalq tərəfdaşlar da Azərbaycanın bu haqlı mövqeyini anlayışla və hörmətlə qarşılayır”.

Azərbaycan rəsmisi vurğulayıb ki, Bakı bu məsələni qapanmış hesab edir: “Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquq və təhlükəsizliyi məsələsi sırf Azərbaycanın daxili işidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan istər Brüssel danışıqlarında, istərsə də Vaşinqtonda xüsusi olaraq vurğulayıb ki, Bakı ölkəmizin suveren hüquqlarına aid olan məsələləri heç bir üçüncü tərəflə müzakirə etməyəcəkdir”.

Rəsmi Bakı Qarabağ separatçıları ilə hər hansı danışıqların aparılmasını istisna edib. Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Praqada keçirilən dörtərəfli danışıqlardan sonra deyib ki, Qarabağ erməniləri Azərbaycan vətəndaşlarıdır və onlar Azərbaycan cəmiyyətinə inteqrasiya olunmalıdırlar.

Əliyev qeyd edib ki, Bakı bu barədə üçüncü bir tərəflə heç nəyi müzakirə etməyəcək.






Fikirlər