ABŞ-ın gizli Qarabağ sənədi üzə çıxdı - Blinkenin Bakı və İrəvana tez-tez zəng vurmasının sirri...
Tomas de Vaal “Hraparak”: “Kollektiv Qərb Paşinyandan ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağı tələb edir...”
Ermənistan bütün qonşuları ilə normal münasibətlər qurmayınca onun suverenliyi və ərazi bütövlüyü məsələsi də fiksiya, xəyal olaraq qalacaq. Rəsmi İrəvan, nəhayət, anlamalıdır ki, böyük güclərin əlində qonşulara qarşı alət, təzyiq vasitəsi olması erməni xalqına yeni faciələr vəd edir. Bu prosesi durduracaq tək qüvvə isə yenə erməni xalqının özüdür. Başqa heç kim onun yerinə qərar verməyəcək.
Əfsus ki, ermənilər toplum olaraq başlarına gələn fəlakətlərdən dərs götürməyə, nəticə çıxarmağa tələsmir. Belə təəssürat yaranır ki, heç özləri də nə istədiklərini dəqiq bilmirlər. Məsələn, eyni gündə həm Xankəndidə V.Putinin yubileyi ilə bağlı aksiyası keçirərək Rusiyaya sədaqət andı içirlər, həm də Gümrüdə - 102 saylı Rusiya hərbi bazasının olduğu şəhərdə anti-Rusiya nümayişi təşkil edərək, ölkənin KTMT-dən çıxmasını tələb edirlər, Kremlə qarşı digər şüarlar səsləndirirlər. Gah Rusiya orbitindən çıxmağa can atırlar, Putini söyürlər, gah da Rusiyadan mədət umurlar.
Paralel surətdə Azərbaycana qarşı təxribatlarından qalmırlar. Bu onlara hər şeydən öncə Bakını cavab tədbirlərinə vadar edib sonra da dünyaya car çəkmək, Azərbaycanı qaralamaq, sülh istəməyən ölkə kimi təqdim eləmək və əlbəttə ki, beynəlxalq birliyin diqqətini sülh müqaviləsi məsələsindən yayındırmaq üçün gərəkdir.
Ayrı sözlə, sərhədlərin delimitasiyası məsələsi öz həllini tapana və sülh müqaviləsi imzalananadək Ermənistanın təxribatları çətin ki, səngisin. Siyasi təhlilçilərə görə, hətta vəziyyət yeni hərbi toqquşmalaradək gərginləşə bilər. Hərçənd Praqada dördtərəfli görüşün yekununda qəbul olunan bəyanatda deyilir ki, Avropa İttifaqını təmsil edən bir qrup müşahidəçi Azərbaycan-Ermənistan təmas xəttində (əsasən erməni tərəfdə) 2 aylıq monitorinq keçirməlidir. Nəticə nə olacaq, onu da görəcəyik.
Ümumiyyətlə, son vaxtlar Qərbin (ABŞ və Avropa Birliyinin) Bakı və İrəvan arasında sülh təşəbbüskarlığının intensivləşdiyi diqqət çəkməyə bilmir. Praqadakı iki və çoxtərəfli müzakirələrdən az sonra - oktyabrın 10-da ABŞ dövlət katibi Entoni Blinkenin qısa ara sonra Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistan baş naziri Nikol Paşinyana etdiyi növbəti telefon zəngləri bunu bir daha təsdiqləyir.
“ABŞ Ermənistan-Azərbaycan sərhədində vəziyyətin normallaşdırılmasında müsbət rol oynayır”.
“Yeni Müsavat”ın məlumatına görə, ABŞ-dakı Karnegi Fondunun aparıcı analitiki Tomas de Vaal erməni mediasına bildirib.
“Müsbət haldır ki, biz Vaşinqtonun iki yüksək rütbəli xarici siyasət rəsmisinin - Entoni Blinken və Cek Sallivanın danışıqlarda şəxsi iştirakını gördük. Bir neçə ay əvvəl biz həmçinin Karnegi Fondunun keçmiş prezidenti Uilyam Börnsun (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru - red.) olduqca sirli İrəvan səfərini də gördük”, - de Vaal vurğulayıb.
Onun sözlərinə görə, amerikalılar diqqəti Azərbaycan və Ermənistan arasındakı vəziyyətə yönəldiblər, lakin onların tərəflərə güclü təsir rıçaqları yoxdur.
Analitik əlavə edib ki, iki ölkə arasında ciddi münaqişə baş verməsə, Rusiya Azərbaycanla Ermənistan arasında vəziyyətə qarışmayacaq. O, habelə qeyd edib ki, Bakı Ermənistanı sülhə məcbur etmək üçün diplomatiya və hərbi gücün birləşməsindən istifadə edəcək.
*****
Bu arada “Siloviki” teleqram kanalında İrəvan, Bakı, Ankara və Vaşinqton arasında müzakirə edildiyi iddia olunan ortaq sənəd peyda olub. Ehtimallara görə, həmin sənəd 27 sentyabr 2022-ci ildə Vaşinqtonda, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan və ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Cek Sallivanın görüşü zamanı masa üzərində olub.
Mənbənin sözlərinə görə, sənəd Praqada da - Paşinyan, Əliyev və Ərdoğan arasında əsas söhbət mövzusuna çevrilib. Orada qeyd olunur ki, tərəflər aşağıdakı addımları atmağı öhdələrinə götürüblər:
“İki ölkənin xarici işlər nazirləri cari ilin sonuna kimi məhdud danışıqlar çərçivəsində sülh müqaviləsinin mətnini hazırlamalı və yekunlaşdırmalıdır;
Bu ilin sonuna kimi sülh müqaviləsi üzrə danışıqlara paralel, delimitasiya komitəsinin nümayəndələri Ermənistan-Azərbaycan sərhədinin delimitasiyasını başa çatdırmalıdırlar;
Azərbaycan hökuməti “Dağlıq Qarabağ”ın (dırnaqlar bizimdir - red.) erməni etnik icmasının analoji nümayəndəsi ilə işləmək üçün nümayəndə təyin edəcək və “Dağlıq Qarabağ” əhalisinin hüquq və təhlükəsizliyini müzakirə edəcək. Nümayəndələr müzakirələrin beynəlxalq ictimaiyyət üçün şəffaf olmasını təmin edəcəklər. Tərəflər həmçinin Azərbaycanın suverenliyinə xələl gətirmədən beynəlxalq müşahidəçilərin rolunu, eləcə də “Dağlıq Qarabağ”da azlıq qrupun müdafiəsini təmin etmək məsələsini birgə müzakirə edəcəklər;
Tərəflər Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında yerüstü əlaqənin, o cümlədən Ermənistanın Azərbaycan ərazisindən qarşılıqlı çıxışının təmin edilməsi marşrutunun yaradılması üzrə müzakirələri davam etdirməyi öhdələrinə götürürlər;
2022-ci ilin sentyabr zorakılığı zamanı saxlanılanların hamısı yaxın günlərdə heç bir şərt qoyulmadan azad edilməlidir;
Tərəflər arasında müzakirələr üçün vasitəçi qismində ABŞ:
ümid edir ki, tərəflər zorakılığın yenidən başlanmamasını təmin edəcək və danışıqlar üzərində fokuslanaraq ilin sonunadək prosesi başa çatdıracaqlar;
nəqliyyat yollarının açılması, sərhədlərin delimitasiyası və ərazilərin minalardan təmizlənməsi üçün tərəflərə operativ texniki yardım təklif edir;
sülh müqaviləsi ilə bağlı prosesi və bununla bağlı müzakirələrə dair fikir mübadiləsi aparmaq və mümkün əngəlləri aradan qaldırmaq üçün ilin sonunadək bu formatda yenidən görüşməyi təklif edir".
*****
İrəvanın “Hraparak” qəzeti isə yazıb ki, kollektiv Qərb Nikol Paşinyandan ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağı tələb edir. Nəşrin bildirdiyinə görə, məsələ oktyabrın 6-da Praqada da bağlı qapılar arxasında müzakirə olunub.
“Azərbaycan tərəfi noyabrın 9-da saziş imzalamağı təklif edib. Lakin həmin gün iki il əvvəl kapitulyasiya sənədi imzalanıb. Paşinyan buna qarşı çıxıb və deyib ki, 9 noyabr erməni xalqının yaddaşında pis xatirələrlə bağlıdır və insanlar güman edə bilər ki, sülh sazişi Nikolun söylədiyi kimi, erməni xalqına yeni qapılar açmaq əvəzinə, ikinci təslimçi akt təəssüratı yarada bilər”, - deyə qəzet öz mənbələrinə istinadən vurğulayıb.
Əlavə edək ki, az öncə Rusiya tərəfinin Bakı və İrəvan arasında sülh anlaşmasına dair öz variantının olduğu üzə çıxmışdı...
Siyasət şöbəsi,
“Yeni Müsavat”