SENSASİYA: Bakı və İrəvan məxfi Qarabağ danışıqları aparır - İllər sonra İLK ANLAŞMA
Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağın taleyi haqqında gizli danışıqlar başlandı.
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın “lenta.ru” saytı yazıb.
Məqalədə bildirilir ki, münaqişə ətrafında vəziyyət dəyişib, tərəflər hərbi bəyanatlardan nisbi sakitliyə keçiblər: “Mümkündür ki, tərəflərdən birində inandırıcı arqumentlər var, yaxud kimsə güzəştə getməyə qərara gəlib. Bəlkə də bu münaqişənin müharibə olmadan həmişəlik həlli üçün tərəflər razılığa gəliblər. Erməni müşahidəçilərinin məlumatına görə, 2018-ci ilin son 130 günü ərzində Qarabağda, yaxud Ermənistan-Azərbaycan sərhədində heç bir erməni əsgəri rəqibin gülləsindən həlak olmayıb, sakitlik bu gün də davam edir. Bunun fonunda hər iki tərəfin ritorikası da yumşalıb. Nə vaxtda İrəvan və Bakının belə yumşalmasını xatırlamaq çətindir. Lakin Ermənistanda hakimiyyət dəyişəndən sonra erməni baş nazir Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə bir neçə qeyri-rəsmi görüş keçirdi və bundan sonra tərəflərin yumşaq tona keçdiyi müşahidə olunur. İki ölkənin xarici işlər nazirləri isə tam protokol formada görüşlər keçirirlər. Dekabrda Milanda keçirilən görüşdən sonra Elmar Məmmədyarov sensasiyalı bəyanatla çıxış etdi: “Hesab edirəm ki, son görüşdə biz erməni həmkarımla uzun illər ərzində ilk dəfə qarşılıqlı anlaşmaya nail olduq”. Buna cavab olaraq, Zoqrab Mnatsakanyan Məmədyarovu təriflədi”.
Sayt qeyd edir ki, tərəflər bağlı qapılar arxasında münaqişənin həllini yaxınlaşdıra biləcək nəsə yeni məsələləri müzakirə edirlər.
“Belə təəssürat yaranır ki, ya “Madrid prinsipləri” gündəlikdən çıxarılıb, ya da bu sənəd üzərində ciddi şəkildə işlənilir. Görünür, yeni prinsipləri həmsədrlər yox, birbaşa münaqişə tərəfləri hazırlayıb. Mnatsakanyan azərbaycanlı həmkarı ilə görüşdən sonra “Parisdə və Davosda keçirilən görüşlərimiz olduqca əhəmiyyətlidir. Bu görüşlər əsasında biz vasitəçilərlə müzakirələrə başlayırıq”, - deyə bildirdi. Başqa sözlər, Bakı və İrəvan münaqişənin həllində təşəbbüsü öz əllərinə alıblar”, - deyə məqalədə qeyd olunur.