Məmmədyarovun “ERMƏNİSTANLA ANLAŞMA əldə etdik” BƏYANATININ SƏBƏBİ
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, uzun müddətdən sonra ilk dəfə Milanda bir neçə həftə əvvəl Ermənistanın xarici işlər naziri ilə son görüşü zamanı qarşılıqlı anlaşma əldə edə biliblər. O, növbəti ayda Ermənistanın xarici işlər naziri ilə yenidən görüşəcəyinin anonsunu da verib: “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli yollarını müzakirə edəcəyik”. Bəs söhbət erməni nazirlə növbəti görüş üçün razılaşmadan gedir, yoxsa başqa anlaşmalar da var ki, hələ cəmiyyətə açıqlanmır? Politoloq Məhəmməd Əsədullazadə “Yeni Müsavat”a şərhində bildirdi ki, Ermənistanda yeni qüvvələrin hakimiyyətə gəlişi, Qarabağ münaqişəsinin həllində aparılan danışıqlarda yeni mərhələnin başlanmasına gətirə bilər:“Ermənistandakı Qarabağ klanı 20 il ərzində demək olar ki, danışıqları imitasiya etməklə məşğul olub. Nəticədə 2016-cı ilin aprel döyüşlərində Azərbaycan tərəfindən aldığı sarsıdıcı zərbə ilə siyasi dayaqları zəifləyərək, bir ildən bir az artıq müddətdən sonra devrildi. Təbii ki, bunu Paşinyan iqtidarı yaxşı bilir. Hesab edirəm ki, Paşinyan hakimiyyəti sələfləri kimi eyni ssenarini tətbiq etməyə cəhd etsə, özlərinin siyasi fiaskosuna gətirə bilərlər. Azərbaycan kifayət qədər Paşinyana imkan tanıdı və Paşinyan seçkiləri keçirdi, legitimliyini bərpa etdi. Söz verdiyi kimi danışıqlara başlayıb, münaqişənin həllinə nail olmalıdır”. Politoloq vurğuladı ki, Milanda birgə razılaşma sənədi sıradan bir sənəd deyil. Rəsmi İrəvan mütləq şəkildə mövqeyini tam ortaya qoymalıdır: “Ölkəmizdə yüksək səviyyədə qeyd edilir ki, gələn il müəyyən gözləntilər var və siyasi şərait imkan verir ki, Qarabağ münaqişəsi həll edilsin. Milanda ATƏT ölkələri xarici işlər nazirlərinin 25-ci sessiyasında xarici işlər nazirlərinin razılaşdırılmış bəyanatına uyğun olaraq, gələn aydan başlayacaq danışıqlarda Azərbaycanın gözləntiləri var. Bu gözləntilər konkret olaraq real irəliləyişə töhfə verməlidir. Siyasi şərait həqiqətən də münaqişənin həllinə zəmin yaradıb. Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyanla Elmar Məmmədyarovun görüşündə danışıqlar birgə razılaşdırılmış sənəd üzrə gedəcək. Bunun detalları açıqlanmasa da, substantiv həll variantını özündə əks etdirməlidir. Azərbaycan digər variantları qəbul etmir. Hesab edirəm ki, İrəvan mərhələli həll üzrə danışıqlardan imtina edərsə, onda münaqişənin həlli istiqamətində heç bir pozitiv addımlar gözləməyə dəyməyəcək. Bu zaman tam bəlli olacaq ki, danışıqların mənası yoxdur. Odur ki, Azərbaycan hələlik konkret gözləntilərlə bu danışıqlara gedir”.
Politoloq onu da qeyd etdi ki, Paşinyan Moskvanın iştirakı olmadan birbaşa Bakı ilə danışıqlar aparılmasına cəhd edir:“Yanvarda keçiriləcək ilin ilk danışıqları yeni mərhələnin başlanğıcıdır və legitimlik qazanmış Paşinyan iqtidarının sələflərindən fərqli olaraq birgə hazırlanmış, razılaşdırılmış sənədlər üzrə danışıqlar prosesi başlayacaq. Paşinyan siyasi fəaliyyətində daim Ermənistanın uğursuzluğunu Qarabağ konfliktində görüb. İndi tarixi şərait imkan verib ki, Paşinyan iqtidardadır və ölkəsinin inkişafı üçün münaqişəni ədalətli həllinə nail olunsun. O da mümkündür ki, Ermənistan tərəfi kənar təsirlərə duruş gətirə bilməyib danışıqlar xatirinə danışıqlara getsin. Amma Azərbaycan əvvəlki illərdən fərqli olaraq buna getməyəcək. Ona görə də İrəvan bilməlidir ki, Qarabağ klanının uzun illər tutduğu yolu təkrarlamaq istəyəcəklərsə, Qarabağ məsələsi danışıqlardan hərbi varianta keçə bilər. Bu da Paşinyan üçün arzuolunmaz haldır. Bir məsələni qeyd edim ki, digər qüvvələr bu danışıqlarda mümkün razılaşmaları poza bilər. Xüsusilə Rusiyanın mövqeyi maraqlıdır. Hazırda münaqişə ətrafında çox həssas məqam yaranıb. Rusiyanın reaksiyası, sabotajı mümkündür. Bu, Ermənistan daxilində ola bilər. Yanvarda danışıqlarda növbəti raund razılaşdırılacaq. Hər halda, Azərbaycan və Ermənistan rəhbərlərinin ilk görüşü də müzakirə olunacaq. Hazırda Ermənistanda siyasi vəziyyət Qarabağ münaqişəsinin həllindən asılıdır. Üzümüzə gələn il Qarabağ danışıqlarında həlledici mərhələ olacaq”.Politoloq: “Gələn il Qarabağ danışıqlarında həlledici mərhələ olacaq”