Ermənistan rəhbərliyi SƏRSƏMLƏYİR: ATƏT Paşinyanı cəzalandırılmalıdır
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ATƏT-in baş katibi Tomas Qremingerlə görüşdə səsləndirdiyi fikirlər Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqları pozmaq cəhdini açıq şəkildə ifadə etdi. Azərbaycan lideri bildirdi ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur: “Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini
pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək”.
Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.
Görünür, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir. Paşinyan bu addımlarla həm də Azərbaycanın uğurlu xarici siyasətinin, xüsusilə Prezident İlham Əliyevin Soçi səfərində əldə olunmuş mühüm nəticələrin effektini azaltmağa çalışır. İnsan azadlıqlarının, hüququn aliliyinin, demokratik dəyərlərin təmin olunması, Ermənistanın iqtisadi inkişafına şərait yaradılacağı və digər bu kimi şüarlarla hakimiyyətə gələn Paşinyanın azmüddətli rəhbərliyi dövründə ölkədə vəziyyət daha da gərginləşib, dipolmatik məğlubiyyətlərin sayı isə durmadan artır.
Özündən əvvəlki hakimiyyət mənsublarına qarşı repressiyaların təşkili, demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarının durmadan artması, siyasi rəqiblərinin qeyri-qanuni yollarla neytrallaşdırılması, faktiki olaraq diktatura üsul-idarəsinin tətbiq edilməsi, iqtisadi ytənəzzülün dərinləşməsi, ölkədə vəziyyətin daha da pisləşməsi – Paşinyanın hakimiyyətdə olduğu qısa müddəti əyani şəkildə göstərən edən faktorlardır.
Politoloq Fikrət Sadıqov Publika.az-a açıqlamasında bildirib ki, Paşinyanın belə bəyanatları onun həm təcrübəsizliyindən, həm də psixi vəziyyətinin normal olmamasından qaynaqlanır.
“Paşinyan danışıqların ruhuna zidd bəyanatları ilə prosesi dondurmaq istəyir. O, münaqişəni həll etmək istəmir. Müxtəlif bəhanələr irəli sürür və başa düşür ki, bəhanələr danışıqların davam etməsində problem yaradacaq. O, danışıqlara gedərsə, Azərbaycanın prinsipial mövqeyi ilə qarşılaşacağını və özünün zəifliyinin, savadsızlığının ortaya çıxacağını yaxşı bilir. Buna görə də prosesi yayındırır. Lakin Paşinyan özünü belə aparırsa, Azərbaycan nə edəcəyini bilir. Biz torpaqlarımızı heç kimə hədiyyə verməmişik və ərazilərimiz azad olunacaq”, - deyə politoloq bildirib.
F. Sadıqov ATƏT-in belə hallara biganə yanaşmamalı olduğunu vurğulayıb. Qeyd edib ki, müvafiq təsir imkanlarından istifadə edilməklə Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoyulmalıdır.