Qarabağ üçün sensasion variant – Politoloq detalları açdı

Prezident İlham Əliyev artıq neçənci dəfədir ki, Qərbi Azərbaycana qayıdışla bağlı anons verir. Hesab edirəm, bu, gec-tez baş verəcək. Əlbəttə, mümkünsüz görünə bilər, lakin unutmamalıyıq ki, 28 ildən sonra Şuşaya qayıtdıq. Mütləq Qərbi Azərbaycana da qayıdacağıq”.

Bu sözləri Globalinfo.az-a politoloq Qabil Hüseynli Qərbi Azərbaycana qayıtmağın siyasi, fiziki və hüququ yolları haqda danışarkən deyib.

O bildirib ki, “Qərbi Azərbaycana qayıtmaq” deyərkən həmin ərazilərin hərbi yolla ələ keçirilməsindən söhbət getmir:

“Qərbi Azərbaycan qədim türk yurdu olsa da, təəssüf ki, beynəlxalq hüquqa görə, Ermənistan ərazisi kimi tanınır. Tarixi qaynaqlara, xəritələrə, sənədlərə baxdıqda görürük ki, 19-cu əsrin ikinci yarısına qədər o ərazidə ermənilərə məxsus bir dənə də olsun maddi-mənəvi abidə yoxdur.

Digər tərəfdən, bu torpaqlarda həmin dövrlərdə, demək olar ki, erməni yaşamayıb. Aradan iki əsr keçib və indi Qərbi Azərbaycanda bir nəfər də azərbaycanlı yaşamır.

Hesab edirəm, ölkə başçısı “biz Qərbi Azərbaycana qayıdacağıq” deyərkən, əslində, ötən əsrin 80-ci illərində bu ərazidən qovulan insanların öz vətənlərinə qayıtmasından danışır. Yəni bura Ermənistan ərazisi olsa da, oranın azərbaycanlı vətəndaşları həmin yerlərdə yaşamalıdırlar.

Prinsip etibarilə bu gün Xankəndi və ətrafında  ermənilər yaşayır. Niyə Qərbi Azərbaycanda da azərbaycanlılar yaşamasın? Ermənilərin Qarabağda yaşamasından çox, azərbaycanlıların Qərbi Azərbaycanda yaşamaq haqları var.

Beynəlxalq hüquqa görə də Qərbi Azərbaycan əhalisi Ermənistandan qovulub və onların geri qayıtması üçün hüquqi baza var”.

Politoloq hesab edir ki, Qərbi azərbaycanlıların öz torpaqlarına qayıtması planı ölkə başçısının uzaqgörən siyasətindən xəbər verir:

“Məsələ ondadır ki, Qərbi azərbaycanlılar Ermənistandan qovulmasaydı, rəsmi İrəvan heç vaxt Qarabağı işğal edə bilməzdi. Çünki Qərbi azərbaycanlılar buna dərhal reaksiya verərdilər.

Ermənistan SSR-də 500 mindən artıq azərbaycanlı yaşayırdı və onlar erməni parlamentində də təmsil olunurdular. Lakin ildən-ilə bu təmsilçilik hüququndan məhrum edildilər və beləcə siyasi hüquqların itkisi öz növbəsində onların sonrakı mərhələdə qovulması ilə nəticələndi.

Qərbi azərbaycanlıların deportasiyası domino effekti yaratdı. Belə ki, ermənilər Azərbaycandakı siyasi hərc-mərclikdən də istifadə edərək torpaqlarımızı işğal etdilər. Lakin ölkə başçısı və müzəffər Azərbaycan ordusu 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad etdi. Bəzi insanlar hesab edirlər ki, bu, kifayətdir, lakin yanılırlar. Qərbi azərbaycanlılar öz torpaqlarına qayıtmayacağı təqdirdə ermənilər gələcəkdə yenə işğal niyyətinə qapıla bilərlər. Ona görə də bu qayıdış baş tutmalıdır”.






Fikirlər