“Zaman Azərbaycanın əleyhinədir, çünki...” - Ekspertdən ŞOK XƏBƏRDARLIQ
“Paşinyanın son çıxışları Ermənistanın sülh müqaviləsi ilə bağlı planını müəyyən qədər anlamağa imkan verir. Bu plan onlar üçün daha əlverişli müqavilənin imzalanmasıdır. Birincisi, sərhəd və kommunikasiya məsələsində istəklərinə nail olmaqdır. İkincisi, Qarabağda faktiki “erməni anklavı” olacaq vəziyyət yaratmaqdır”. Bu sözləri Musavat.com-a siyasi şərhçi Asif Nərimanlı deyib. Siyasi şərhçinin fikrincə, burada birinci məqsədi əsas hədəf kimi qəbul edə bilərik: “İkinci məqsəddən də əsas hədəflərinə nail olmaq üçün istifadə edirlər. Buna görə də prosesi şərtlərin yetişməsinə qədər maksimum uzatmağa çalışırlar. Böyük ehtimalla bu, Türkiyədəki seçkilərlə bağlıdır. İrəvanda hesab edirlər ki, Türkiyənin mövcud hakimiyyəti dəyişərsə, Azərbaycanın əli zəifləyəcək. Digər tərəfdən, Ukrayna münaqişəsinin nəticəsinin bəlli olmasına qədər gözləmək niyyətindədirlər. Çünki Rusiya masadan məğlub qalxarsa, Ermənistan Qərbdəki dəstəkçiləri vasitəsilə vəziyyəti xeyrinə dəyişə biləcəyini hesab edir. Bununla yanaşı, Qarabağ məsələsi üzərində davamlı kampaniya aparırlar. Paşinyan bildirir ki, Bakının göndərdiyi sülh müqaviləsində “Ermənistana qarşı ərazi iddiaları”, o cümlədən, Qarabağda “etnik təmizləmə və soyqırımı” həyata keçirmək üçün mandat almaq istəyi var. Erməni baş nazirin Bakının tələblərini bu cür təqdim etməsi müqavilədən imtina etmək bəhanəsi yaratmağa və günahkarın Azərbaycan olduğuna dair beynəlxalq ictimai rəy yaratmağa hesablanıb. Həmçinin, Azərbaycanın ərazi bütövlüyünü tanımağa razıdırlar, amma Qarabağda “hüquq və təhlükəsizliyin qorunması” adı altında “erməni anklavı” da yaratmaq istəyirlər. Paşinyanın mövqeyi sülh müqaviləsinin faktiki arxa plana keçdiyini göstərir”. Asif Nərimanlı hesab edir ki, zaman Azərbaycanın əleyhinədir, çünki geosiyasi situasiya dəyişə və bölgədə müharibədən sonra yaranmış reallıqlara risklər yarana bilər: “İrəvanın hədəfi də budur. Bu baxımdan, hərbi toqquşma ehtimalının sülh müqaviləsindən önə keçdiyi görünür. Ermənistan hazırda “Azərbaycan hücuma hazırlaşır” rəyini yaratmaq üçün bütün istiqamətlərdə işləyir, lakin həm Qarabağda, həm də sərhəddə onların təxribatlara əl atacağı gözləntisi böyükdür. Qarabağda separatçılar inteqrasiya prosesinin qarşısını almaq və “soyqırımı törədilir, beynəlxalq mexanizmlər işə düşsün” tələbini gündəmə gətirmək üçün eskalasiyaya gedə bilərlər. Sərhəddə isə Ermənistan Avropa İttifaqı missiyasının vacibliyini göstərmək və “Azərbaycan təcavüzkardır” rəyini yaratmaq üçün bunu edə bilər”.