Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (TSEK) İdarə Heyətinin sədrinə yeni müavini təyin edilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müvafiq əmri ilə bu vəzifəyə Məmmədov Vüqar Qurban oğlu təyin olunub.
Qeyd edək ki, Vüqar Məmmədov sabiq millət vəkili, Ali Sovetin (hazırkı Milli Məclis) keçmiş sədri Yaqub Məmmədovun qardaşı Qurban Məmmədovun oğludur. O, Dünya Tibbi Hüquq Assosiasiyasının (ABŞ) birinci vitse-prezidenti, Avropa Səhiyyə Hüququ Assosiasiyasının (Norveç) vitse-prezidenti, YUNESKO-nun və Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin eksperti, bir sıra digər nüfuzlu beynəlxalq hüquq müdafiəsi təşkilatının üzvüdür.
O, 9 fevral 2020-ci ildə növbədənkənar parlament seçkilərində 22 saylı Nəsimi II seçki dairəsindən deputatlığa namizəd, 2005-2011-ci illərdə İTV və AzTV-də həftəlik sağlamlıq proqramlarının müəllifi və aparıcısı olub.
Yaqub Məmmədov 5 mart - 18 may 1992-ci il tarixlərində Ali Sovetin sədri olub, 6 mart - 14 may 1992-ci il tarixlərində Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib. O, Ali Sovetin sədri vəzifəsində Elmira Qafarovanı əvəzləyib. Yerinə isə İsa Qəmbər gəlib. /Qaynarinfo
Fikirlər