Sentyabra qədər Ermənistanla bu razılaşma əldə ediləcək: İlkin şərtlər açıqlandı

Sentyabra qədər Ermənistanla bu razılaşma əldə ediləcək: İlkin şərtlər açıqlandı

Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Azərbaycanla Ermənistan arasında sülh müstəvisində müzakirələr davam etsə də, konkret nəticə yoxdur. Artıq il yarılanıb və tərəflərin sülhə yaxınlaşması ilə bağlı çağırışlardan başqa heç nə müşahidə edilmir. Sizcə, prosesin yekunlaşmasına nə mane olur?

- Erməni tərəfi növbəti dəfə “ənənələrinə” sadiq qalaraq yalan danışır. Onlar özlərini dünyaya, aparıcı təşkilatlara “sülhpərvər” kimi təqdim etməyə çalışır. İddia edirlər ki, Ermənistan sülhə hazırdır. Hətta bir ay müddətinə Azərbaycanla sülhün əldə ediləcəyini gündəmə gətirirlər. Artıq bir neçə dəfə bu cür bəyanatlar səslənib. Hələlik isə ortada bir nəticə yoxdur. Sülhlə bağlı Azərbaycanın haqlı mövqeyi ortadadır. Bunun üçün ilk növbədə Ermənistan Konstitusiyasında və normativ hüquqi aktlarında dəyişiklik edilməlidir. Bu ölkədən Azərbaycana qarşı olan ərazi iddialarına hüquqi cəhətdən son qoyulmalıdır. Məhz bundan sonra tərəflər arasında sülh sazişini bağlamaq mümkün olacaq.

- Belə olan halda razılaşmanın əldə edilməsi ilə bağlı yaranan mənzərə və reallıq necə olacaq?

- İndiki halda sülh sazişini bağlamaq mümkün olmayacaq. Ən yaxşı halda çərçivə sülh sazişinin imzalanması mümkündür. Bu ilin sentyabr və oktyabrına qədər belə bir razılaşmanın əldə edilməsi mümkündür. Ola bilsin ki, Bakıda keçiriləcək COP29 beynəlxalq tədbirinə qədər Azərbaycanla Ermənistan arasında çərçivə sazişi imzalansın. Çərçivə sazişində isə sərhədlərin müəyyənləşməsi, kommunikasiya xətlərinin açılması ilə bağlı məsələlər əksini tapa bilər. Bununla da hər iki tərəf sülhlə bağlı xoş niyyətini ifadə etmiş olacaq.

- Çərçivə razılaşması münasibətlərin inkişafı və yekun sülh sazişi üçün hansı əsaslar yaradacaq?

- Buna nail olsaq, Azərbaycan-Ermənistan münasibətlərinin gələcək normal inkişafının hüquqi təməli qoyula bilər. Əslində bundan o yana heç nə gözləmək də olmur. Çünki biz erməni tərəfinin sabah hansı davranışlar sərgiləyəcəyinə əmin deyilik.

- ABŞ-nin sülh müstəvisində fəallığına səbəb nədir? Amerika iki ölkə arasında əldə ediləcək razılaşmaya niyə bu qədər israrla yanaşır?

- Amerika sülh sazişinin imzalanmasında, kommunikasiyaların açılmasında maraqlıdır. Bu, təkcə geopolitik və geoiqtisadi amillərlə bağlı deyil. ABŞ strateqləri düşünür ki, prezident seçkilərində Co Baydenin məğlubiyyəti qaçılmazdır. Donald Tramp prezident seçilərsə, Rusiya-Ukrayna müharibəsinin dayanması ehtimalı var. Tramp bununla bağlı açıqlamalar da verib. Müharibənin dayanması fonunda nisbətən əli-qolu açılan Rusiyanın diqqəti yenidən Qafqaza, Ermənistana yönəldəcəyi ehtimal edilir. Bu təhlükəni hiss edən amerikalılar indi daha çox çalışırlar ki, seçkilər keçirilənə qədər Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına nail olsunlar. Düşünürlər ki, bundan sonra Rusiyanın bölgəyə təsir imkanları olmayacaq. Çünki Rusiyanın Qafqaza, Ermənistana gəlişi sülhü öz maraqlarına uyğun aparacağı və yaxud ümumiyyətlə həll etməyəcəyi iddia olunur. Bu da Amerikanın strateji maraqlarına uyğun deyil.






Fikirlər