“Sülh sazişi ilə bağlı mühüm gəlişmə: artıq Laçın dəhlizi də...” - Müsahibə

“Sülh sazişi ilə bağlı mühüm gəlişmə: artıq Laçın dəhlizi də...” - Müsahibə

 Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev ilə müsahibəni təqdim edirik:

- Razi bəy, Azərbaycan Ermənistan arasındakı mümkün sülh prosesinə nə dərəcədə yaxınıq?

- Sülh prosesinin bu qədər yaxın olmasını düşünürüksə, bir az tələskənlik edirik. Çünki hələ ki, sərhədlərin delimitasiyası və demarkasiyası olmadan, kommunikasiyalar açılmadan, Ermənistanla Azərbaycan arasında bir çox məsələlərdə ortaq nöqtələr tapılmadan sülh müqaviləsinin bağlanması mümkün deyil. Bunu hər kəs bilir ki, sülh müqaviləsinin bağlanması üçün müəyyən zaman tələb olunacaq. Hal-hazırda sülh müqaviləsinin bağlanmasına apara biləcək müəyyən addımların atılması üzərində iş gedir. Bu, ilk növbədə sərhədlərin müəyyənləşməsi və kommunikasiyaların açılması ilə bağlıdır.

- Ermənistan hökumətinin Qarabağdakı separatçı rejimə maliyyə yardımı ayırmasının prosesə təsiri nə dərəcədədir?

- Bu il üçün Ermənistan Qarabağdakı ermənilər üçün 230 milyon dollar həcmində vəsait ayırıb. Noyabr ayı üçün bu rəqəm 27 milyon dollar idi. Məsələ burasındadır ki, onlara bu vəsait Ermənistan hakimiyyəti tərəfindən ayrılmasa o zaman belə çıxır ki, acından ölməyə məhkum olunurlar. Azərbaycan isə hələlik onlara heç bir yardım göstərmir. Bu baxımdan Azərbaycan tərəfinin də belə bir qadağası yoxdur ki, Ermənistan ora pul göndərib-göndərməsin! Amma haçan ki, Ermənistan bunu üzərindən atacaq, sülh müqaviləsi imzalanacaq, orada da artıq bu detallar açıqlanacaq. Eyni zamanda oradakı insanlar da artıq Azərbaycan hüquqları altında yaşamağa razılıq verəcək, bundan sonra dövlətimiz onlar üçün maliyyə ayıra biləcək. Amma indiki məqamda Ermənistan tərəfindən onların büdcəsinin ödənilməsində də bir problem yoxdur. Yəni, bu bizi narahat edən bir məsələ deyil. Biz narahat edən məsələ Ermənistanın sülhə vadar edilməsi üçün atılan adımlardır.

Azərbaycan və Türkiyə bu istiqamətdə əlindən gələni edir. Amma istərdik ki, Rusiya tərəfi və digər ölkələr də bununla bağlı müəyyən addımlar atsın. Tələb edilsin ki, Azərbaycan ərazisində hələ də qalmış separatçı rejim bundan əl çəksin! Hələ ki bunun üzərində iş gedir.

- Sizcə, proses nə vaxta qədər uzana bilər?

- Hesab edirəm ki, zaman da onların xeyrinə işləmir. Laçın koridoru ilə gediş-gəlişə artıq Azərbaycan da nəzarət edir. Son zamanlar separatçı rejimə başqa ölkələrdən insanlar gələ bilmir. Əgər kimsə gəlirsə, mütləq şəkildə Azərbaycandan icazə alınır. Bu məsələlər get-gedə daha da dərinləşib, qətiləşəcək. Separatçı rejimin də başqa cür hərəkət etmək üçün imkanları qalmayıb. Orada yaşayan ermənilər ya Azərbaycanın hüquqi nəzarətinə keçəcək, ya da kim orada yaşamaq istəmir Ermənistana getməli olacaq. Yəni, prosesin son nöqtəsi budur.

- Rusiya Prezidentinin vasitəçiliklə bağlı mövqeyini Ermənistanın ATƏT-in Minsk qrupu ilə bağlı israrlarına cavab kimi dəyərləndirmək nə dərəcədə məntiqlidir?

- Artıq prosesdə ATƏT-in Minsk qrupu mövcud deyil. Bu qurum ancaq kağız üzərindədir. Amma ABŞ və Fransa Minsk qrupunun qalmasında maraqlıdır. Əslində Rusiyanın özü də Minsk qrupunun ancaq kağız üzərində qalmasını istəyir. Amma konkret olaraq bu gün regionda bu məsələlərin avanqardı Türkiyə və Rusiyadır. Bu baxımdan Rusiyanın vasitəçiliklə bağlı mövqeyi doğru yanaşmadır. Artıq baş verən hadisələrdən, danışıqlardan Rusiya daha yaxşı məlumatlıdır. Minsk qrupu isə sadəcə olaraq biz sizinlə bu məsələləri nə qədər biliriksə, onlar da bir o qədər bilgiyə sahibdir. Bu baxımdan Minsk qrupunun prosesə cəlb olunması heç bir təsiredici rola malik deyil. Burada yeganə təsir gücünə malik olan ölkə Rusiyadır. Sözsüz ki, Rusiyanın da məsələlərə bu cür yanaşmalarını bəyənirəm. Bəzi məqamlarda Rusiya tərəfinin verdiyi mesajlar, atdığı addımlar onu deməyə əsas verir ki, o Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin daha tez bağlanmasında maraqlıdır.

- Bəs Zəngəzur dəhlizi?

- Rusiyanın özü də Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çünki bu ölkə də özünün mövcud nəqliyyat dəhlizlərini genişləndirmək istəyir. Bu baxımdan da Rusiyanın Ermənistana müəyyən təsir mexanizmləri var. Amma bu təzyiqlərin hansı yöndə və tezlikdə olması ilə bağlı da proqnoz vermək olmur.

- Türkiyə Prezidenti G-20 toplantısında dünya liderləri ilə Cənubi Qafqazda olan məsələlərə dair də müzakirələrin aparıldığını açıqladı. İndiki şəraitdə dünya birliyinin bu regionda baş verən proseslərə təsiri nə dərəcədə effektiv görünür?

- Proseslər onu göstərir ki, bundan sonra Azərbaycanın ziyanına hər hansı bir addımın olması gözlənilmir. Cənab Ərdoğan da mətbuata Azərbaycanla bağlı hansı fikirləri deyirsə, bağlı qapılar araxasında da eyni fikirləri təkrar edir. Qarabağla bağlı Azərbaycanla Türkiyənin mövqeyi dəyişməzdir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Münaqişə bitib. Separatizmə sarsıdıcı zərbə vurulub. İndi isə Qarabağda qalmış silahlıların və separatçı qalıqların oradan tamamilə çıxarılması baş verməlidir. Bununla bağlı danışıqlar, müzakirlər aparıla bilər. Kimsə də bu prosesə qarşı çıxırsa, bağlı qapılar arxasında onların gətirdiyi “dəlillərin” puça çıxarılması üzərində iş gedə bilər. Başqa cür heç bir məsələdə az da olsa güzəştin olacağı mümkün deyil.

- Azərbaycanla Ermənistan sərhəd xəttinin müəyyənləşməsi ilə bağlı sovet dövrü xəritələrinə istinad edilməsi bizə uyğundurmu?

- Burada bir neçə dövrün xəritəsi mövcuddur. Hansısa xəritələrin yaxşı, ya da pis olduğunu müəyyənləşdirə bilmərəm. Rusiya tərəfinin bununla bağlı səsləndirdiyi fikirlər hansı xəritələrə əsaslanır bundan da məlumatsızam. Sözsüz ki, Ermənistan tərəfi ancaq o xəritələrin üzərində dayanmaq istəyər ki, bu onların xeyrinə olsun və daha çox ərazi qazandırsın. Eyni ilə Azərbaycan da təbii olaraq o xəritəni seçər ki, bu bizə daha çox ərazi qazandırsın. Bu da təbii bir yanaşmadır. Amma bütün tərəflərin qəbul edə biləcəyi reallığa daha uyğun xəritələrlə bağlı hər iki tərəfdən ekspertlər bunun üzərində işləməlidir. Bundan sonra hansısa bir ortaq mövqeyə gəlmək mümkün ola bilər. /Teleqraf

 






Fikirlər