"Ərdoğanın açıqlaması ondan xəbər verir ki, Qarabağ üzrə Rusiyanın konkret planı var" — POLİTOLOQ
Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Türkiyə, Azərbaycan, Rusiyadan ibarət formatın yardılacağını bildirib. Ərdoğan deyib ki, üçlü formatın yaradılması üçün Putinlə razılığa gəlinib. Münaqişənin həll edilməsi üçün danışıqlar aparılacaq. Burada qaranlıq qalan əsas məsələ isə Ermənistan tərəfinin bu planla razılaşıb-razılaşmayacağıdır. Üçtərəfli format və Ermənistanın buna münasibəti barədə politoloq İlqar Vəlizadə Ölkə.Az-a danışıb: "Üçtərəfli siyasi format mövcud ola bilər, ancaq Dağlıq Qarabağ məsələsi ilə bağlı bu formatın baş tutması müəmmalı görsənir. Ona görə ki, burada münaqişənin bütün tərəfləri iştirak etməlidir. Ermənistan bu formatda iştirak etmirsə, ümumiyyətlə münaqişə tərəflərindən hər hansısa biri hər hansısa formatda iştirak etmirsə, bu format tamamlanmamış olur. Əslində münaqişənin müzakirəsi üçün müəyyən çərçivə daxilində format ola bilər, ancaq irimiqyaslı format ola bilməz. Ona görə ki, burada ən azı münaqişənin bütün tərəfləri iştirak etməlidirlər. Ermənistan hal-hazırda ATƏT-in Minsk qrupundan başqa heç bir formatı bəyənmir. Minsk qrupu status-kvonu saxladığı üçün Ermənistan Minsk qrupu formatı çərçivəsində məsələnin həll edilməsinin tərəfdarıdır. Ermənistan tərəfi hətta İranın təkliflərinə də müsbət yanaşmır. Regional iştirakçıların Dağlıq Qarabağ münaqişəsinin formatının genişləndirilməsinə Ermənistanın mövqeyi mane olur. İlqar Vəlizadə Ərdoğanın 5 rayonun geri qaytarılması ilə bağlı səsləndirdiyi fikirə isə belə münasibət bildirdi: "Sirr deyil ki, hal-hazırda gündəmdə mümkün güzəştlərdən söhbət gedir. Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Azərbaycanın təkidi ilə ən azı Dağlıq Qarabağ ətrafı rayonların boşaldılması məsələsi qaldırılıb. Aprel hadisələrindən sonra Azərbaycan tərəfi danışıqlarda konkret iştirak üçün şərt irəli sürüb ki, işğal altında olan rayonlar boşaldılmalıdır. Azərbaycanın təklifi 7 rayon idisə, kompromis variant olaraq 5 rayonun boşaldılması ortaya çıxdı. Ermənistan KİV-lərində bunu şərti olaraq "Lavrov planı" kimi qələmə verirlər. Bu kompromis variantı Rusiya təklif edib. Rusiya tərəfi müəyyən mənada Ermənistanın maraqlarını nəzərə alaraq 5+2 variantını irəli sürüb. Ərdoğanın açıqlaması ilə bu planın detalları ilk dəfə yüksək səviyyədə açıqlanmış oldu. Bu da onu deməyə əsas verir ki, "Lavrov planı" var. Ermənistan nə qədər desə də ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir təklifi yoxdur, Ərdoğanın açıqlaması bunu təkzib edir. Bu təkliflər həm də plan şəklindədir. Baxmayaraq ki, Qərb təkliflər planı irəli sürmür, ümumi söz-söhbətlər edir, ancaq Rusiyanın konkret planı var. Çox güman ki, Putinlə Sarkisyanın son görüşündə məhz bu məsələ müzakirə olunub. Azərbaycan, Türkiyə və Rusiya tərəfi nisbətən bu planı bəyənirlər. Bu plan mərhələli planın tərkib hissəsidir. Ermənistan bu planı bəyənmir, müxtəlif variantlarla bu plandan qaçır. Türkiyə, Azərbaycan, Rusiya bu planı bəyənib və platforma yaradıblar, ancaq o platformanı reallaşdırmaq üçün Ermənistanın da razılığı lazımdır. Ermənistanın razılğı olmadan bu platforma tamamlanmayacaq".