İlk debatda kim qalib gəldi: Tramp, yoxsa Harris?
Donald Tramp və Kamala Harris arasında ilk debat gerçəkləşdi. (Bəlkə debat əvəzinə mükalimə sözünü işlətmək daha doğru olar.) Demokratlar və liberal media Harrisin çıxışından məmnun qalıb. CNN-in sorğusuna əsasən mükaliməni izləyənlərin 63%-i Harrisə, 37%-i Trampa üstünlük verib. Respublikaçıların düşərgəsindəki reaksiyalardan isə bu qənaət hasil olur ki, Trampın çıxışı onlarda ən azından entuziazm yaratmayıb: bu, dəqiqdir. Məyusluğunu gizlətməyənlər də var və əksər respublikaçılar “ABC News”un moderatorlarını tərəfsiz olmamaqda ittiham edir. Şəxsi qənaətim ondan ibarətdir ki, Tramp bu debatda nə uddu, nə də uduzdu. Tramp həminki Trampdır: aşağı səviyyəli söhbətlər, taftologiya (illərdir söylədiklərinin davamlı təkrarı), komplo teoriyaları (məsələn, Ohayoda miqrantların yerli sakinlərin it-pişiklərini kəsib yeməsi iddiası), xarici siyasət mövzularında primitiv fikirlər və sair... Bu mükalimədə həm demokratların, həm də respublikaçıların əsas diqqəti Trampdan çox, Harrisə yönəlmişdi. Respublikaçılar Harrisin çox zəif natiq olduğunu, prompter (telesuflyor) olmadan 2 cümləni bir-birinin arxasınca qura bilmədiyini, bu səbəbdən canlı yayında jurnalistlərə müsahibə verməkdən qaçdığını deyirdilər və hər hansı köməkçi şəxs və vasitənin olmadığı 90 dəqiqəlik canlı müzakirədə onun darmadağın olacağına əmin idilər. Demokratlar arasında da müəyyən narahatlıqlar var idi. Lakin Harris çips və kolalarını hazırlayıb ekran başına keçən respublikaçıların gözləntilərinin və bəzi partiyadaşlarının narahatlıqlarının əksinə, yaxşı performans göstərdi və özünü inamlı apardı. (Bunu bəzi Fox TV şərhçiləri də etiraf edir.) “Kim uddu, kim uduzdu” şəklində kateqorik qiymətləndirmədənsə, əsas nəticənin məhz bu olduğunu söyləmək, məncə, daha doğru olar. Mükalimədən sonra ABŞ-da fenomen olan sənətçi Teylor Sviftin Kamala Harrisə dəstəyini elan etməsi gecənin demokratlar üçün major notda tamamlanmasını təmin edən başqa bir hadisə kimi yadda qaldı.