Yardımlının icra başçısı Yessentukidən Azərbaycana taksidə qayıtmalı oldu
Ölkəni başına alan sürətli bahalaşma regionlarda daha qabarıq şəkildə üzə çıxdı. İşsiz, maddi sıxıntı içində çabalayan əhalinin durumunun yaxşılaşdırılması istiqamətində illər əvvəl atılmalı addımların ləngidilməsi etirazların küçələrdən səsləndirilməsinə zəmin yaratdı. Başqa faktorlar da var. Məsələn, yerli icra hakimiyyəti başçılarının əhali ilə təmasdan qaçması, rayonlarda öz işini qurub ailəsini dolandıra bilənlərə bürokratik əngəllər yaradılması müflis durumda olan əhalinin qəzəbini hakimiyyətin yerlərdəki nümayəndələrinə qarşı yönəltdi.
Və məlum oldu ki, rayonlarda sakinlər çörək almağa pul tapmadıqları bir vaxtda icra başçıları iş yerlərində belə deyillər. Xaricdə bahalı kurortlarda gün keçirirlər.
İstirahətlərindən qalmayan başçılar sırasında İmişlinin icra başçısı Vilyam Hacıyevin, Salyanın icra başçısı Tahir Kərimovun, Gəncənin icra başçısı Elmar Vəliyevin, Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun, Masallının icra başçısı Rafil Hüseynovun, Şəmkirin icra başçısı Alimpaşa Məmmədovun, Xətainin icra başçısı Razim Məmmədovun, Kürdəmirin icra başçısı Ceyhun Cəfərovun adları çəkilirdi. Çexiyanın Karlovı Varı, Rusiyanın Yessentuki kurortlarına üstünlük verən yerli məmurların istirahətlərinə böyük pullar xərcləmələri də başqa söhbətin mövzusudur.
Aldığımız məlumata görə, ölkədə etirazlar bir-birini əvəzlədiyi bir vaxtda Yardımlı İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Yessentuki kurortlarından birində olub. Regionlarda durumun gərgin olması xəbəri başçını istirahət edərkən yaxalayıb. Elə həmin vaxt S.Hətəmova Yardımlı İcra Hakimiyyətindən zəng edib Bakıdan, Prezident Administrasiyasından onu axtardıqlarını, təcili rayona qayıtmalı olduğunu deyiblər. Kefi təlx olan başçı Bakıya aviabilet axtarışına çıxıb. Məlum olub ki, yaxın bir neçə gün bayram və istirahət günlərinə təsadüf etdiyindən aviareyslər yoxdur. Odur ki, naəlac qalan Sevindik Hətəmov sevinə-sevinə getdiyi Yessentukidən Bakıya taksi ilə qayıtmalı olub.
Aldığımız son məlumata görə isə icra başçılarına onlara tapşırılan rayonlardan kənara çıxmamaq tapşırılıb. Onlara rayonun ərazisini tərk etmək istədikdə bu haqda Prezident Administrasiyasına əvvəlcədən məlumat verməli olduqlarını deyiblər.
Xatırladaq ki, parlamentin Dövlət quruculuğu və hüquq siyasəti komitəsinin sədri Əli Hüseynli ölkədə baş verən iqtisadi proseslərlə əlaqədar məmurlara çağırış etmişdi. Əli Hüseynli maraqlı bir təklif səsləndirərək, dövlət məmurlarını ölkədə istirahət etməyə üstünlük verməyə çağırmışdı: “İndi elə məqamdır ki, rəsmi şəxslər nə qədər çox Azərbaycanda olsalar, bir o qədər yaxşıdır. İstirahəti də Azərbaycanda etmək lazımdır. Əgər rəsmi, vəzifəli şəxslərə vizalar verilməsə, ölkəmiz daha çox qazanar. Yəni demək istəyirəm, bu, hamımız üçün yaxşı olar. Azərbaycanda turizmi inkişaf etdirmək lazımdır. Rəsmi şəxslər istirahətlərini ölkəmizin gözəl guşələrinin birində etməlidir. Turizm sahəsi harada yaxşı deyilsə, düzəltsinlər”.