İCRA başçısı PARKDA yeyib-içmək məclisi qurdu, ARA QARIŞDI
Bahalı şampanlar partladan Göyçayın icra başçısının əhaliyə saymamazlıq etməsi narazılığa səbəb olub. Göyçayın icra başçısı Mübariz Ağayev heç bir həmkarının etmədiyi və ya etməyə cəsarət bulmadığı bir iş görüb. Jam.az-a rayondan verilən məlumata görə, icra başçısı 31 dekabrda parkda keçirilən şənliklər zamanı heç kimi saymadan yeyib-içmək məclisi qurub. Məlumata görə, Mübarizə Ağayev hamının gözü qarşısında kabab çəkdirib. Başına yığdığı idarə və müəssisə rəhbərləriylə birlikdə yeni il şənliyi keçirib. Ağayevə parkda 10-dan artıq ofisiant xidmət edib. İşin ən tərs tərəfi isə odur ki, icra başçısı saymazyana şəkildə şampanlar partladaraq, qəhqəhələr altında onu işçiləriylə bölüşüb. İddia edilir ki, açılan şampanların qiyməti heç də ucuz olmayıb. Və dəyərinin bir neçə 100 manatla ölçüldüyü deyilir. Qeyd edək ki, ilk baxışdan burada qeyri-adi heç nə yoxdur. İcra başçısı da insandır və onun yeyib-içmək haqqıdır. Amma bir rayonun icra başçısının zatən sosial problemlər içində boğulan əhalinin gözü qarşısında bu hərəkəti etməsi etik hesab olunmur. Elə göyçaylılar da onu deyirlər ki, Mübariz Ağayevin hərəkəti parka gələnlərdə, o cümlədən rayon əhlində ikrah hissi doğurub. Üstəlik, ciddi narazılığa səbəb olub. Bəzi məlumatlara görə, parkda olan göyçaylılar Mübariz Ağayevin bu hərəkətini görərək, ona uca səslə etirazlarını da bildiriblər. Lakin icra başçısının başı yeyib-içməyə qarışdığından bunlara əhəmiyyət verməyib. Hazırda rayonda bu məsələlər müzakirə edilir və narazılığın getdikcə artdığına dair məlumatlar var.