"Allah onun başına özü boyda daş salsın..." - İcra başçısı ASC sədrini təhqir edib
Beyləqan rayon icra başçısı Vaqif Abdullayev özünün qalmaqallı həyatı və etdiyi hərəkətlərlə hər dəfə mətbuatın gündəminə gəlməkdə davam edir. İcra başçısının bir neçə dəfə içkili şəkildə idarə müdirlərini söyməsi, onlara qarşı fiziki təzyiq göstərməsi və bu kimi digər hərəkətləri ilə rayonda ad çıxartdığı isə artıq hər kəsə məlumdur. Beyləqandan 7News.az-a daxil olan məlumata görə, 4 noyabr tarixində icra başçısının qəbulu zamanı qalmaqal baş verib. Belə ki, hadisə ilə bağlı saytımızı məlumatlandıran mənbənin iddiasına görə vətəndaşları qəbul edib, onların problemlərini dinləyən və lazımı tədbirlərin görülməsi üçün tapşırıq verən Vaqif Abdullayev qəbulun sonunda əsəbləşərək "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynovu ağır şəkildə söyüb. Belə ki, icra başçısının qəbuluna gələn ağsaqqal kişi rayonun daxili yollarının bərbad vəziyyətdə olduğunu və yağış yağanda küçəyə çıxa bilmədiklərindən şikayət edib. İcra başçısı şikayət edən kişiyə yaxın zamanlarda küçələrinə qrabil töküləcəyini vəd edib. Şikayətçi isə“Cənab başçı! Bu küçələrimiz nə vaxt palçıqdan, biabırçılıqdan qurtaracaq?” sualını verib. Qoca kişinin bu sualını isə Vaqif Abdullayev özünəməxsus şəkildə cavablandırıb: "Allah Qormaz Hüseynovun başına özü boyda daş salsın, alçaqlar kanalzasiyanı yarımçıq qoydular, dəfələrlə rəsmi məktubla müraciət etsəm də, "düzələcək" cavabını verirlər".