"İcra başçısı sahibkara deməlidir ki, qardaş, başına dönüm, qurban olum"
Sahibkarlar bazarla bağlı maya dəyəri aşağı salmaq üçün işçiləri ixtisar edib, əlavə xərcləri azaldırlar. Bu, sahibkarın özünün cibinə işləyən haldır. Burada nə vətənpərvərlik var, nə dövlət, vətən eşqi. Bunu aznews.az-a açıqlamasında Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəbli prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda şirkətlərdə aparılan ixtisarlarla bağlı çıxışına münasibətində deyib. O qeyd edib ki, əgər prezidentin bu çağırışından sonra sahibkarlar ixtisar edərsə, o zaman yeni iş yerləri yaradıb onları işlətməlidir: "Prezident müraciət elədi ki, ay sahibkar, gəl bir az əziyyət çək, az qazan, amma işçiləri ixtisar eləmə. Prezidentin çağırışı ölkənin hər vətəndaşı üçün qanun olmalıdır. Bütün hallarda ixtisarın qarşısı alınmalıdır. Bu gün ən vacib məsələlərdən biri budur. Bir ailədən 2-3 nəfər işləsə, dolana biləcəklər. Odur ki, iş yeri, kiçik və orta sahibkarlıq ən vacib məsələlərdən biridir". H.Rəcəbli hesab edir ki, sahibkar ölkənin bu ağır günündə dövlətə dəstək olmalıdır: "Bunun üçün icra strukturları sahibkara düşmən gözü ilə baxmalı deyil. Sudanda 25 iş yeri yaradana dövlət fəxri fərman, 50 iş yeri yaradana medal, 100 iş yeri yarada orden verirlər. Sahibkara düşmən deyil, çörək verən imici formalaşdırırlar. İcra hakimiyyətləri sahibkarlarla ünsiyyətə girməlidir. İcra başçısı rayonlarda yerli sahibkarı yığıb deməlidir ki, qardaş, başına dönüm, qurban olum, xahiş edirəm ixtisar eləmə. Əhali işləməlidir ki, dolansın". Millət vəkilinin sözlərinə görə, bütün dünyada olduğu kimi, Azərbaycanda da sahibkarlara ən hörmətli adam kimi yanaşmaq lazımdır: "Təəssüf ki, bizdə sahibkarın mənfi imicini formalaşdırıblar. Bəzən onlara yırtıcı, dələduz kimi baxırlar. Amma onlara dəstək olmaq lazımdır. Çünki onlar insanlara çörək verəndi. Sahibkarlar imkansız ailələrə əl tutur. Prezident çıxışında bildirdi ki, sahibkarlara kömək eləmək lazımdır. Gərək prezidentin toxunduğu məsələlərdən nəticə çıxarsınlar. Elə deyirlər filan məmurun oğlunun adına biznesi var, ay bala oğlu zirəkdi də. Sahibkarlıq fəaliyyətini necə yaradaq? Biz oğurluqdan, quldurluqdan, rüşvətxorluqdan sahibkarı ayırmalıyıq. Rüşvətxor oğru məmurun adına olan məsələni sahibkarın ünvanına yazırlar. Prezident sahibkarları ən mötəbər tribunaya çıxardı. Dedi ki, "ay camaat, bunlara baxın, bunlara kömək edin, bunlar bizim ölkəmizin var-dövlətidir". H.Rəcəbli, həmçinin vurğulayıb ki, əhalinin rifah halını, dolanışığını yaxşılaşdırmaq üçün rayonlarda boş qalan torpaqlardan istifadə etmək lazımdır: "Hərənin 1-5 sot torpağı var. Satmaq gələndə 50 dəfə bahasına qiymət oxuyur. Bu torpaqlardan səmərəli istifadə etmək üçün radikal addımlar atılmalıdır, icra hakimiyyətləri burada ciddi işlər görməlidir. Buna kim narazılıq edə bilər? Çayxanada oturub onun-bunun pulunu sayan tənbəl adamlar. Biz tənbəl adamları hərəkətə gətirməliyik. Onlardan torpaqları götürüb kooperativlərə birləşdirməliyik. Hansısa forma tapmalıyıq ki, bu torpaqlar işləsin. Prezident kənd təsərrüfatı ilə bağlı mühüm tapşırıqlar verdi. Bazarlar, mağazalar sifariş verməlidir ki, emal müəssisələri işləsin". Xatırladaq ki, prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransda bir sıra ciddi məqamlara toxunub. Onlardan biri də şirkətlərdə aparılan ixtisarlarla bağlı olub. "Sosial məsuliyyət nəzərə alınmalı, şirkətlərdə ixtisar hallarının olmamasına çalışılmalıdır. İş yerlərinin açılmasında dövlət şirkətləri nümunə göstərməlidirlər. İşlərini itirən insanlar dövlət şirkətlərinə müraciət etsinlər, əminəm ki, iş yerləri olacaq. Sahibkarlar da bu prosesdə iştirak etməlidirlər. Çünki iş adamlarına dövlət hərtərəfli dəstək verir və iş adamları da sosial məsuliyyətlərini dərk etməlidirlər" - deyən İlham Əliyev şirkət sahiblərini, iş adamlarını əhalini işsiz buraxmamağa çağırıb.