Prezident tapşırığı: deputatlar bu gün toplanır

Ölkə başçısının son müşavirəsi sahibkarlığın inkişafı, bu fəaliyyətə olan kənar müdaxilə və ölkədə mövcud monopoliya ilə bağlı ciddi xəbərdarlıq idi.

 

Bu sözləri Axar.az-a açıqlamasında Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 12 oktyabr iclasındakı nitqini şərh edən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib.

 

Millət vəkilinin sözlərinə görə, verilən göstərişlər yaxın zamanlarda real həyatda öz əksini tapacaq:

 

“Bu gün saat 15:00-da Milli Məclisdə Vergilər Nazirliyində və vergi strukturunda müəyyən islahatlarla əlaqədar məsələyə baxacağıq. Yəni necə deyərlər, “artıq buz əriməyə başladı”, müəyyən işlər görülür. Çünki Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına maneələr həddən artıq çoxdur. Bunları aradan qaldırmaq üçün dövlət başçısı göstərişlər verdi və qısa müddətdə o göstərişlər həyata keçiriləcək. Azərbaycan gəlirləri əsasən neftdən asılı olan ölkədir. Neftin dünya bazarında gəlirləri aşağı düşən kimi Azərbaycanın da gəlirləri azalır. Neftin qiyməti 100-150 dollar civarında olanda 2014-cü ilin büdcəsi 21 milyard manat təşkil edirdisə, bu rəqəm qiymətlər düşdüyündən 2016-ci il üzrə 14,5 milyard manat təşkil edib. Neftin qiymətindən çox şey asılıdır. Ona görə də cənab prezident tamamilə düzgün vurğuladı ki, əsas məqsəd qeyri-neft sektorunun inkişafı olmalıdır. Bundan sonra sənaye, kənd təsərrüfatı, turizm, insan kapitalı kimi sahələrin daha da inkişaf etdirilməsi ön planda olacaq”.

 

Qeyd edək ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 12 oktyabr iclasındakı yekun çıxışında rüşvətxorluq, korrupsiyaya qarşı ciddi addımlar atılması gərəkdiyini vurğulayıb. Bundan əlavə, prezident ölkədə müəyyən strukturların bir-birini təkrarladığını və ona görə də ciddi islahatlara ehtiyac yarandığını bildirib.






Fikirlər