Müəllimlər GENERALDAN cavab gözləyir - ŞİKAYƏT

Sabirabad rayonundan moderator.az-a aşağıdakı məzmunda şikayət ərizəsi daxil olub. Bəri başdan qarşı tərəfə də cavab haqqı tanıdığımızı bildirərək məktubu olduğu kimi təqdim edirik:

 

"Onlarla müəllimin hüququ Kapital Bank ASC-nin Sabirabad filialının əməkdaşları və M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru Mustafayeva Diləfruz Əbil qızı tərəfindən pozulmuşdur. 01.07.2015 il tarixindən  zərərçəkən  müəllimlər Sabirabad Rayon Prokurorluğuna şikayət ərizələri ilə rəsmi surətdə müraciət etmişlər.

 

Sabirabad rayonu M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru Mustafayeva Diləfruz Əbil qızı bir qrup müəllimlərə qarşı dələduzluq etməsiylə faktına görə 15 iyul 2015-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Sabirabad rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Şahin Abdulov tərəfindən cinayət işi başlanmışdır.

 

04 sentyabr 2015-ci il tarixdə Diləfruz Mustafayeva Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş, Sabirabad rayon məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.

Lakin kimlərinsə təzyiqi nəticəsində külli miqdarda dövlət vəsaiti mənimsəmiş cinayəkar direktor barəsində 05 sentyabr 2015-ci il tarixdə bu qərar dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Onu da qeyd edim ki, bu cinayət işinə əlavə olaraq 308.1 maddəsi ilə 06.12.2015-ci il tarixində Sabirabad rayon Prokurorluğu tərəfindən sabiq direktora qarşı ittiham elan olunmuşdur.

2015-ci ilin dekabr ayında bu cinayət işinin gedişatının düzgün aparılmadığı üçün  zərərçkən müəllimlərin  Baş Prokurorluğa edilən əsaslı şikayətlərindən sonra Cinayət işi Sabirabad Polis şöbəsindən alınaraq Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqinin icraatına   verilmişdir.

 

Zərərçəkən müəllimlər qaldırılmış cinayət işinin istintaq mərhələsinin doqquz aydan çoxdur ki, davam etməsi ucbatından əmək haqlarını plastik kartdan ala bilmirlər, çünki Kapital Bank maaş köçən kimi kredit məbləğini tutur, dəfələrlə rəsmi surətdə bank rəhbərliyinə müraciət olunsa da heç bir nəticə olmamışdır. Biçarə qalan müəllimlərdən bəziləri Sabirabad rayon məhkəməsinə rəsmi surətdə müraciət edərək mülki iş üzrə  iddia qaldırmışlar, kimlərinsə təzyiqi ilə sabiq cinayətkar direktorun ev dustaqlığı Sabirabad Rayon Məhkəməsi tərəfindən hər dəfə dəfələrlə artırıldığı üçün maddi rifahımız acınacaqlı vəziyyətə düşmüşdür".     






Fikirlər