RƏSMİ Tiflisin BAKIYA növbəti XƏYANƏTİNƏ SƏRT ETİRAZLAR!

Gürcüstan işğalçı ölkəyə ərazisindən dəhliz verməklə Qarabağın ilhaqına bəraət qazandırır; deputat: “İşğalçı Ermənistana yolun açılması əlbəttə, qəbulolunmazdır

Gürcüstan hökuməti növbəti dəfə Azərbaycana qarşı xəyanət mövqeyi tutaraq işğalçı Ermənistana dəhliz verməyə hazırlaşır. Bununla bağlı məsələ əvvəllər də dəfələrlə gündəmə gəlib, lakin son anda Tiflis ermənilərin istəyini reallaşdırmayıb. Ancaq belə görünür ki, bu dəfə Gürcüstan İrəvanın istəyinə “yox” deməyəcək.

“Yeni Müsavat”ın ötən sayında yazdığı kimi, söhbət işğal altındakı Abxaziyadan keçən və 20 ildən çoxdur fəaliyyətsiz qalan dəmir yolunun işə salınması ilə yanaşı, Ermənistana alternativ avtomobil yolunun açılmasından gedir. Məsələ ilə bağlı Çexiyanın paytaxtı Praqada mayın 24-də Rusiya və Gürcüstan rəsmi nümayəndələri - Georgi Abaşizde və Qriqori Karasin arasında növbəti, lakin deyəsən, bu dəfə həlledici görüş nəzərdə tutulub. Bəzi məlumatlara görə, iki gün sonra tərəflər anlaşmaya xeyli yaxın ola bilər. Anlaşma Abxaziya və Cənubi Osetiyadan keçməklə Rusiyadan Gürcüstan və Ermənistana “ticarət dəhlizləri” yaratmağı nəzərdə tutur.

Nəzəri baxımdan Gürcüstan dövləti hansısa qərarı verməkdə sərbəstdir, rəsmi Bakının bu məsələyə açıq etiraz bildirəcəyini gözləmək də olmaz. Lakin Gürcüstan işğalçı Ermənistana əlavə dəhliz verməklə Azərbaycana qarşı xəyanətkar addım atmasının fərqində olmalıdır. Azərbaycan daim Gürcüstana yardım əlini uzadan, 1998-ci ildə, Rusiyanın işğalı nəticəsində soyuqdan donan ölkəni hətta Kremlin təzyiqlərinə baxmayaraq, fəlakətli durumdan çıxaran sədaqətli bir qonşudur, bunu gürcülər də yaxşı bilir.

Azərbaycan dövləti bir sıra hallarda öz vətəndaşlarının boğazından kəsib, qonşu ölkəyə yardım əlini uzadıb, onu neftlə, qazla, elektrik enerjisi ilə təmin edib. Təkcə 2017-cı ildə Azərbaycan Gürcüstan iqtisadiyyatına 482,1 mln. dollar investisiya yatırıb. Bunu Gürcüstanın Milli Statistika İdarəsi açıqlayıb. Nəticədə Azərbaycan Gürcüstanın bir nömrəli investoru olub. Azərbaycanın Gürcüstana yatırdığı investisiyaların həcmi xarici investisiyaların ümumi həcminin 25,9%-ni təşkil edib. Azərbaycandan sonra Gürcüstana ən çox investisiya qoymuş ölkələrin ilk beşliyinə Türkiyə (279 mln. dollar), Böyük Britaniya (250,4 mln. dollar), Niderland (224,3 mln. dollar) və Çexiya Respublikası (133,8 mln. dollar) daxildir.

Mümkündür ki, Tiflisi bu razılaşmaya sövq edən Qərb dairələridir. Düzdür, Qərb Rusiyanı Ermənistandan çıxarmağa çalışır. Lakin eyni zamanda “inqilab” nəticəsində hakimiyyətə gələn və qərbyönümlü kadrları komandasına cəlb edən Nikol Paşinyanın rəhbərlik etdiyi ölkəni böhrandan çıxartmaq üçün ABŞ və Avropa Ermənistana yeni dəhlizin açılması üçün cəhdlər göstərə bilər. Bu da faktdır ki, Gürcüstanda Qərbin təsirləri kifayət qədər güclüdür.

Vahid Əhmədov ile ilgili görsel sonucu

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Tiflisin bu qərarına sərt münasibət bildirdi: “Gürcüstan iqtisadiyyatının əsas hissəsinin Azərbaycana məxsus boru kəmərləri, dəmir yolunun dividentləri təşkil edir, amma Tiflis vaxtaşırı Ermənistanla anlaşmalar istiqamətində məsələlər ortaya atırlar, münasibətləri pozmaq istəyirlər. Rusiya-Ermənistan dəmiryolu xəttinin açılması məsələsi ildə bir-iki dəfə gündəmə gətirilir. Amma görünür, sonra Azərbaycan prezidenti tərəfindən müəyyən təpkilər olur və bu layihənin icrasını təxirə salırlar. İndiki halda mən inanmıram ki, bu addımı atacaqlar. İşğalçı Ermənistana yolun açılması, əlbəttə, qəbulolunmazdır, o vaxta qədər ki, bizim torpaqlarımız işğaldan azad olunacaq”. V.Əhmədov eyni zamanda bildirdi ki, əgər Tiflis Azərbaycanın maraqlarını nəzərə almadan Ermənistanın istəyini reallaşdırsa, o halda Bakı adekvat addımlar atacaq: “Yəqin ki, dövlət bu barədə fikirləşir. Əlbəttə, mən arzu edirəm ki, belə vəziyyət yaranmasın, biz də hansısa sərt addımlar atmaq məcburiyyətində qalmayaq. Amma mütəmadi şəkildə belə məsələləri ortaya atmaqla yəqin ki, Tiflis müəyyən dividentlər əldə etmək istəyir. Gürcüstan bizim strateji müttəfiqimiz olduğunu unutmasın. Onlar axıra qədər bizimlə bir yerdə olmalıdır”.

Deputat Bakının Tiflisə təsir imkanlarının olduğunu da vurğuladı: “Azərbaycan Gürcüstana çox böyük yardımlar edib. Yalnız boru kəmərləri deyil. Bakı-Qars dəmir yolu ilə daşınan yüklərdən də müəyyən dividentlər götürür. Elə bu layihənin reallaşmasında Gürcüstana böyük yardımlar edildi. Digər, bizim bilmədiyimiz məsələlər də var, hansı ki, dövlət başçıları arasında mütəmadi şəkildə həllini tapır. Yəqin ki, müəyyən rıçaqlar saxlanılır, lazım olanda istifadə ediləcək”. Deputat bu layihənin arxasında Qərbin dayandığını da istisna etmədi: “Son vaxtlar Qərb Azərbaycana müxtəlif bəhanələrlə təzyiqlər etmək istəyir. Ola bilər ki, bu da Qərbin müstəqil siyasət yürüdən Bakıya qarşı işə saldığı layihədir”.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

“Bakının Gürcüstanın daxili işlərinə qarışması doğru olmaz. Sadəcə, Gürcüstana diplomatik kanallarla mesaj yollanmalıdır ki, Ermənistana bu şəraitin yaradılması Azərbaycanın təhlükəsizlik maraqlarına toxunur”. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu fikirdədir. Ancaq ekspertə görə, hətta yol açılsa belə, bu, Ermənistan iqtisadiyyatını xilas edəcək gücdə deyil: “Onsuz da nəqliyyat vasitələri Rusiyadan Ermənistana Gürcüstan üzərindən və əksinə mal daşıyır”. 

 
 






Fikirlər