“Azərbaycanın səhiyyə müəssisələrində qeydə alınan neqativ hallar, cərrahiyyə əməliyyatlarında səhv addımların aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görülür”.
APA-nın xəbərinə görə, bunu səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.
O bildirib ki, belə halların heç biri diqqətsiz qalmır: “Həkim və hüquqşünas ən az səhv etməli olan peşə sahibləridir. Amma son nəticədə həkim də insandır. Düşünürəm ki, buraxılmış səhvlər həkim səhvindən çox, səhlənkarlıqdır. Məsələn, xəstə ayağın yerinə sağlam ayağın kəsilməsi səhlənkarlıqdan, dalğınlıqdan irəli gəlib. Bu, sırf həkim səhvi deyil. Belə hallara yol verən həkimlər işdən azad olunub, hətta gücümüz çatmadıqda insanların özlərinə deyirik ki, hüquqi qiymətin verilməsi üçün məhkəməyə, hüquq-mühafizə orqanlarına müraciət etsinlər. Belə hallarda cinayət işi açılır və hüquq-mühafizə orqanları tərəfindən məsələ araşdırılır. İstər ana ölümü olsun, istərsə də məhdud sayda neqativ hallarda məsələlər araşdırılır”.