“Kəsilən ayağım salamat idi, o biri məni öldürür axı...” - Veteran ANA+Video

 

““Kəsilən ayağım salamat idi, o biri məni öldürür axı...” - Veteran ana+Video

“Səhərdən özümü öldürürəm ki, bu ayağım salamat idi axı...(amputasiya edilmiş ayağını qucaqlayır) Bunu niyə kəsiblər? Bu ayağım sallanır axı, (qanqrena verən ayağını göstərir), bu ayağım məni öldürür axı...”

Qafqazinfo” Meydan TV-yə istinadən xəbər verir ki, bu sözləri bu gün bütün Azərbaycanda gündəm yaradan diabet xəstəsi Tərlan Məmmədova deyir. O, təsdiq edir ki, ona sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib.

Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib.

“Dedilər ki, sol ayağın topuqdan kəsiləcək. Özləri də sarımışdılar ayağımı. Xəstə ayağım qalıb kənarda, salamat ayağımı tutub kəsiblər”- Tərlan Əliyeva danışır.

Danışdıqca qəhərlənir, əməliyyat olunan salamat ayağını qucaqlayır sonra əlini ondan kəsib hələ də ağrıyan və əməliyyat olunmayan sol ayağına uzadır.

Xəstənin qızı Tahirə Əliyeva isə anasının qəhrəman ana olduğunu qeyd edib:

“Həkim dedi ki, o biri ayağında (sağ ayaq) heç nə yoxdur. Biz dedik ki, bəlkə bu ayağında da nəsə var ( sağ ayağın göstərir) dedi heç nəyi yoxdur, budur. ( sol ayağın göstərir) Həkim bu sözü özü deyib. Hələ biz fikirləşdik ki, bu biri ayağına da keçər götürüb apararıq. Həkim baxdı, dedi yox, bu, (sağ ayağın göstərir) salamat ayaqdır. Dedi, bu ayağını da (sol ayaq) kəsəcəm ana, lap da yaxşı olacaq. Biz də dedik, daha ağrıya dözmür”.

Onlar cərrah həkim Valeh Kərimovla tibbi xidmət müqaviləsi də bağlayıblar. Amma əməliyyatdan sonra həkimi görən olmayıb. Xəstənin qohumları deyir ki, V.Kərimovun onlara verəcək cavabı yoxdur deyə qaçıb.

“Əməliyyatdan çıxandan sonra həkim qardaşımı çağırdı. Özü də heç yaxşı çıxmadı içəridən, mən şübhələndim. Lap birinci bacım gördü, dedi səhv ediblər. Heç mənim ağlıma gəlmirdi ki, belə bir şey ola bilər. Baxım baxan kimi dedi ki, anamın sağlam ayağı gedib. Biz heç bilmədik neyləyək”.

 

 






Fikirlər