Əflatun Amaşov Türk Dünyası Qəzetçilər Federasiyasının RƏHBƏRİ İLƏ GÖRÜŞÜB

Görüşdə Türk dünyası Sənədli Filmlər Festivalı ilə bağlı fikir mübadiləsi aparılıb

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Türk Dünyası Qəzetçilər Federasiyasının rəhbəri Menderes Dəmirlə görüşüb.

Şuradan "Report"a verilən məlumata görə, görüşdə Türk dünyası Sənədli Filmlər Festivalı ilə bağlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, Türk dünyası Sənədli Filmlər Festivalı Türk Dünyası Qəzetçilər Federasiyası tərəfindən həyata keçirilən təşəbbüsdür, qurumun rəhbəri M.Dəmir eyni zamanda festivalın Təşkilat Komitəsinin də sədridir. Mətbuat Şurası və Bakı Dövlət Universiteti isə bu tədbirin Azərbaycan üzrə tərəfdaşlarıdır.

Festivala 7 türk dövlətindən və ayrı-ayrı türk toplumlarından sənədli filmlər qəbul edilib. M.Dəmir mövcud xüsusda müzakirələrin aparıldığı görüşdə məlumat verib ki, bu il sentyabrın 30-da İstanbulda festivala təqdim olunmuş filmlərə baxış keçiriləcək və qaliblərin adları açıqlanacaq. Bundan sonra Qazaxıstan, Qırğızıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Makedoniyada laureat filmlərin nümayişi reallaşdırılacaq. Azərbaycanda da eyni prosesin oktyabrın 13-14-də gerçəkləşdirilməsi nəzərdə tutulur.

MŞ sədri Ə.Amaşov Türk dünyası Sənədli Filmlər Festivalının önəmindən söz açıb. O bildirib ki, bu ideya dil, din, məişət, adət-ənənə yaxınlığı olan türk toplumlarının bir-birilərinə daha sıx inteqrasiyası baxımından mühüm addımdır və Şura təşəbbüsə daim dəstək göstərməyə hazırdır. 






Fikirlər