Xanım jurnalistin həbsinə səbəb olmuş gənc onun azadlığa çıxmasından danışır
“Hər şey onun üçün aydındır, qaranlıq məqamları isə azadlıqda araşdıra bilər”
“Xədicə İsmayılın azadlığa çıxmasına çox sevindim”. Bu sözləri müsavat.com-a açıqlamasında Azadlıq Radiosunun mayın 25-də azadlığa çıxmış əməkdaşı Xədicə İsmayılın həbsinə səbəb olmuş şikayətin müəllifi, jurnalist Tural Mustafayev bildirib.
Onun sözlərinə görə, X.İsmayıl yaxşı insan və yaxşı dostdur. Müsahibimiz həbsdən azad edilmiş həmkarına baş çəkmək barədə qərar vermədiyini dedi: “Məncə, müəyyən zaman lazımdır. Məsələlərə yenidən qayıdaraq gündəmə gətirmək istəmirəm. Mənə elə gəlir ki, hər şey Xədicə xanım üçün aydındır. Qaranlıq qalan məqamları isə özü azadlıqda daha yaxşı araşdıra bilər. Uğurlar və müvəffəqiyyətlər arzu edirəm”.
Konkret özünün ölkədən çıxışına qoyulan qadağanın hələ də götürülmədiyini deyən T.Mustafayevə görə, bu durum onuncun aydındır: “Eyni vaxtda ölkədən çıxışına qadağa qoyulmuş şəxslərdən qadağanı götürərək mənim üzərimdə qadağanın saxlanmasında, Cinayət Məcəlləsinin 297.1 maddəs ilə məhkəmənin xüsusi qərardadı olmadan 11 sentyabr 2015-ci ildə cinayəy işi açılması ilə hakimiyyət öz təzyiqlərini davam etdirir” .
Xatırladaq ki, X.İsmayıl ilkin olaraq T.Mustafayevi intihar həddinə çatdırmaqda ittiham etsə də, məhkəmədəki ifadəsində bundan imtina etmişdi.
AzerTaym.az