20 min rüşvətə görə həbs olunan müstəntiq haqqında daha bir ŞOK...

Tanınmış vəkil Bəhruz Bayramov iki gün öncə təqsirləndirilən şəxsin ev dustaqlığına burxılması qarşılığında 20 min manat rüşvət aldığına görə həbs edilən Hərbi Prokurorluğun müstəntiqi Vüqar Məmmədli haqqında daha bir sensasiya hesab olunacaq ittiham səsləndirib.

Müstəntiq Vüqar Məmmədlinin həbs səbəbi ilə bu linkdən tanış olmaq olar---moderator.az/news/147351.html
Bununla bağlı fikirlərini Moderator.az-la bölüşən tanınmış vəkil iki il öncə müvəkkilini qanunsuz olaraq həbs edən müstəntiqə bununla bağlı xəbərdarlıq etdiyini və onu Allaha tapşırdığını bildirib:
"2014-cü ilin sentyabrında bir şəxsi – İlqar Şükürovu müdafiə edirdim. Firma müdiri olan həmin şəxs şahid qismində dindirilirdi, həmin işin istintaqını da indi 20 min rüşəvətə görə həbs olunan müstəntiq Vüqar Məmmədli aparırdı. Ortada heç bir sübut – filan yox idi. Sadəcə ortada saxta bir sənəd var idi və həmin sənəddəki imza da heç müdafiə etdiyim şəxsə aid deyildi. Həmin sənədi də kimsə müvəkkilimin ofisindən oğurlayıb müstəntiqə ötürmüşdü. Beləliklə biz getdik Vüqar Məmmədlinin yanına və o mənim yanımda hüquqlarını müdafiə etdiyim şəxsin şahid qismində ifadəsini, izahatını aldı. Növbəti dəfə gedəndə orada Elxan adlı giziri gördüm, halbuki həmin gizir həbsdə olmasına baxmayaraq istintaq otaqlarında sərbəst gəzirdi. Bir neçə dəfə də biz oturan otağın qapısını açıb içəri girdi. Hansı ki, onunla müdafiə etdiyim şəxs arasında tanınma, yənin istintaq hərəkəti olmalıydı, aydın idi ki, həmin şəxsi göstərirdilər ki, sən bu şəxsin, yəni mənim müvəkkilimin üzünə dirənəcəksən, sifətini yaxş-yaxşı tanı. Mən buna etiraz etdim və bildirdim ki, belə bir aşkar qanunsuzluq şəraitində heç bir istintaq hərəkəti aparıla bilməz və bununla bağlı rəsmi olaraq Respublikanın hərbi prokuroru Xanlar Vəliyevə şikayət elədim. Qeyd etdim ki, necə ola bilər həmin gizir istintaq altında olmasına baxmayaraq dəfələrlə otaqları sərbəst şəkildə gəzir və bir neçə dəfə də qəsdən biz oturduğumuz otağa daxil olub? Bundan 15 gün sonra şahid qismində istintaqa ifadə verən müvəkkilimi çağırıb həbs etdilər və Cinayət Məcəlləsinin 311.3.2 və 179.3.2 maddəsiylə ittiham elan etdilər. Mən qəti şəkildə istintaqa etirazımı bildirdim və qeyd etdim ki, mən bu qanunsuzluğu ifşa edəcəm və həm baş prokuror Zakir Qaralova, həm dövlət başçısı İlham Əliyevə şikayət edəcəm, mətbuata açıqlama verərək bu rüsvayçılığı aləmə yayacam. Bunu görən istintaq əl-ayağa düşdü və müstəntiq Vüqar Məmmədli istintaqın rəisi Mehdi Hüseynzadə ilə birlikdə məni qəbul elədi. V. Məmmədli istintaqın rəisinin yanındaca bildirdi ki, biz hərbi prokurorun müavini Şəfayət müəllimlə də danışmışıq, kişi kimi söz verirəm ki, müvəkkilinə elan etdiyimiz maddələri başqa maddəyə tövsif edəcəyik, amma bircə şərtimiz var ki, sən vəkil olaraq sakit duracaqsan. Bir daha vurğuladı ki, sənə kişi kimi söz verirəm və Şəfayət müəllim də bizi göndərib ki, sakit olsan müvəkkilinə ən yüngül cəza təyin edib ev dustaqlığına, oradan da azadlığa buraxdırcağıq. Mən fikirləşdim ki, müvəkkilimin hüquqlarını müdafiə edirəm, əsas məsələ qanunsuz olaraq həbsə atılan bir şəxsin azadlığa çıxmasıdır və müvəkkilimin razılığı ilə mən müstəntiq Vüqar Məmmədlinin şərti ilə razılaşdım, mətbuata da bu barədə heç bir şey bildirmədim. Müstəntiq bildirdi ki, istintaq aktı elan olunanda sizi çağıracam, gəlib baxarsınız. İstintaq başa çatanda gəlib aktla tanış olub baxdım ki, əvvəl elan olunan həmin maddələr olduğu kimi qalıb. İttiham aktını oxuyanda məni dəhşət bürüdü. Mən istintaq idarəsinin rəisi Mehdi Hüseynzadəyə dəfələrlə zəng etsəm də telefona cavab vermədi. Məcbur olub ona və Vüqar Məmmədliyə mesaj yazdım ki, axı siz kişiliyinizə və namusunuza and içib söz vermişdiniz, bəs Allahdan qorxmursunuzmu?
Bu gün iki il bundan qabaq günahsız bir adama törətmədiyi cinayətə görə ağır maddə ilə ittiham irəli sürüb iki ildir həbsdə çürüdən bir adam bu gün özü ən ağır cinayət əməlində ittiham olunur. Təbii ki, mən bu həbsə sevinmirəm və hər birimiz o barmaqlıqlar arxasına düşə bilərik. Amma iki il bundan qabaq yazdığım mesajda onu xəbərdar etmişdim ki, etdiyin bu əmələ görə qanun qarşısında cavab verməsən də Allah bil ki, səni hökmən cəzalandıracaq. İndi Vüqar Məmmədli 20 min manat rüşvət almaqda təqsirləndirilir. Amma təsəvvür edin ki, o vaxt Vüqar Məmmədli müvəkkilimdən heç bir cinayət törətmədiyi və işin içində heç bir sübut olmadığı halda 150 min manat pul tələb etmişdi. 
Məlumat üçün bildirim ki, hüquqlarını qoruduğum İlqar Şükürovun adı Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovla bağlı cinayət işində keçir və iki ildir ki, bununla bağlı məhkəmə prosesi keçirilir. Ümid edirəm ki, gec də olsa ədalət zəfər çalacaq və iki ildir günahsız olaraq həbsdə olan müvəkkilim azadlığa qovuşacaq.






Fikirlər