“İstintaqın ləng getməsi və zərərçəkən kimi verdiyim iddiaların təmin olunmaması ilə bağlı narazılığıma görə Nəsimi rayon prokuroru Salman Məmmədlinin dəvəti ilə prokurorluqda oldum”. Bu açıqlamanı Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının ölümü ilə bağlı aparılan istintaqın gedişi barədə danışarkən zərərçəkən Anar Niftəliyev dedi. O bildirdi ki, rayon prokuroru aparılan istintaqla bağlı onu məlumatlandırıb: “İstintaqın gecikməsi ilə bağlı obyektiv səbəblər barədə Salman Məmmədli qısaca məlumat verdi və iradlarımın nədən ibarət olması ilə maraqlandı. İlk gündən ifadəmdə göstərdiyim və daha sonra zərərçəkən kimi hüququmdan istifadə edərək yazılı şəkildə təqdim etdiyim iddialarımın təmin olunmadığını bildirdim və prokuror vəsatətlərimin təmini ilə bağlı göstəriş verdi”. İstintaq qrupunun rəhbəri Ələkbər Rzayevin səhhətində yaranan problemlə əlaqədar onu əvəz edən müstəntiq Hafiz Əliyevlə tanış olduğunu deyən A.Niftəliyev istintaq hərəkətlərinə birbaşa prokurorun özünün nəzarət edəcəyini qeyd etdi: “Cənab prokuror işin sürətlənməsi üçün zəruri istintaq hərəkətlərinin aparılmasına şəxsən nəzarət edəcəyini bildirdi. Məsələ ondadır ki, Səhiyyə Nazirliyinin və ekspertizanın hazırkı cavabları belə bu əməliyyatı aparan həkimlərin dələduzluğunu təsdiqləmək üçün istintaqa əlavə arqumentlər vermiş oldu. Mənim vəsatətlərim də komisyon ekspertizanın əlavə sualları cavablandırana qədər istintaq qrupunun iddiam istiqamətində istintaq hərəkətlərinin aparılmasıdır və aylardır qaldırdığım bu iddia təəssüf ki, söz verilməsinə baxmayaraq, hələ də icra olunmayıb”. A.Niftəliyev bayram günlərində belə Nəsimi Prokurorluğunun fəaliyyət göstərəcəyini də dedi: “Cənab prokuror bayram günlərində belə istirahət etmədən işləyəcəklərini bildirdi. Ümid edək ki, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi və rayon prokuroru ilə keçirilən bu görüşlərin nəhayət nəticəsini görəcəyik”. Xatırladaq ki, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızı sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib. Hadisədən dərhal sonra E.Tofiqqızının meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertizası və komisyon müayinədən keçirilib. Keçirilən ekspertizaların ilkin rəyinə əsasən, E.Tofiqqızının asfiksiyadan (nəfəs çatışmazlığından) öldüyü məlum olub. Baş verən hadisə ilə bağlı E.Tofiqqızının əməliyyatında iştirak edən həkim personalı prokurorluqda ifadə verib. E.Tofiqqızının həyat yoldaşı, jurnalist Anar Niftəliyevin də ifadəsi alınıb. Sentyabrın 25-də Nəsimi Rayon Prokurorluğunda faktla bağlı Cinayət Məcəlləsinin 314.2 (səhlənkarlıq - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Dekabrın 25-də Səhiyyə Nazirliyinin tibbi ekspertlərinin rəyi açıqlanıb. İstintaq işinə əlavə olunan bu rəydə E.Tofiqqızının “Medi Sina” klinikasında əməliyyatdan əvvəl müayinələrin aparılmasında, xəstənin cərrahiyyə əməliyyatına hazırlanmasında, anesteziya metodunun seçilməsində və onun adına tibbi sənədlərin tərtib edilməsində tibb işçiləri tərəfindən nöqsanlara yol verildiyi vurğulanıb. - See more at: http://axar.az//news/5552#sthash.nQMhy61X.dpuf
Fikirlər