Prokurorluq stomatoloji klinikada baş verən ölüm faktı ilə bağlı məlumat yayıb

Klinikanın fəaliyyətinin yoxlanılması ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət olunub Klinikanın fəaliyyətinin yoxlanılması ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət olunub Klinikanın fəaliyyətinin yoxlanılması ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət olunub

Bakı şəhər Prokurorluğu Bakıda stomatoloji klinikada baş verən ölüm faktı ilə bağlı məlumat yayıb. Azertaym.az-ın bildirdiyinə görə, dekabrın 5-də saat 12 radələrində paytaxtın Nəsimi rayonu ərazisində fəaliyyət göstərən “VİP DENTAL” özəl stomatoloji klinikada Məmmədov Elçin Seyfulla oğlunun üzərində keçirilən cərrahiyyə əməliyyatı zamanı ölməsi barədə rayon Prokurorluğuna daxil olmuş məlumat əsasında məhkəmə-tibbi ekspertin iştirakı ilə zəruri kriminalistik vasitələrdən istifadə edilməklə hadisə yerinə baxış keçirilib, Elçin Məmmədovun meyiti xarici müayinə olunub.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, klinikada həkim-stomatoloq kimi fəaliyyət göstərən Hüseynov Baxış Hüseyn oğlu qeyd edilən tarixdə ona müraciət etmiş E.Məmmədovun çənə nahiyyəsində cərrahiyyə əməliyyatı apararkən sonuncunun səhhəti qəflətən pisləşib və həyatının xilas edilməsi üçün tibbi yardım göstərilməsinə baxmayaraq vəfat edib.
E.Məmmədovun ölümünün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə zəruri ekspertizalar təyin edilib. Eyni zamanda Baş Prokurorluq tərəfindən klinikanın tibbi fəaliyyətlə məşğul olmaq üçün verilmiş xüsusi razılığa (lisenziya) uyğun fəaliyyət göstərməsinin, həmçinin əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yoxlanılması ilə əlaqədar Səhiyyə Nazirliyinə müraciət edilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, ölüm hadisəsi dekabrın 5-də Bakıdakı "VİP Dental" stomatoloji klinikasında baş verib. Orada dişlərini müalicə etdirən 1966-cı il təvəllüdlü Elçin Məmmədov iynə vurulandan sonra qəflətən vəfat edib. Dünyasını dəyişən şəxsin ölümünün səbəblərinin müəyyənləşdirilməsi üçün mərhumun meyiti ekspertizaya göndərilib.
Baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.






Fikirlər