Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı

“Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi Nazim Abbasov və idarənin əməkdaşı Ramin Qocayevin dəvəti ilə prokurorluğa getdim və orada görüşümüz oldu”.
 Anar Niftəliyev Baş Prokurorluğa çağırıldı
Bu barədə jurnalist Anar Niftəliyev məlumat verib. Onun sözlərinə görə, Baş prokurora etdiyi müraciətlə əlaqədar keçirilən bu görüşdə şikayəti dinlənilib:
“Həyat yoldaşım, Bakı Slavyan Universitetinin dekanı, tənqidçi Elnarə Tofiqqızının həkim terroru nəticəsində ölümü ilə bağlı Nəsimi Rayon Prokurorluğunda başlayan cinayət işinin istintaqının ləng getməsi, zərərçəkən kimi istintaqa verdiyim iddialarla bağlı istintaq hərəkətlərinin yubadılması, həmçinin məndə olan qeyri-rəsmi məlumatlar haqqında danışdım”.

A.Niftəliyev qeyd edib ki, N.Abbasov bu cinayət işinin şəxsən Baş prokuror Zakir Qaralovun nəzarətində olduğu və bununla bağlı xüsusi tapşırıq verdiyi barədə onu məlumatlandırıb:
“Sabahdan başlayaraq, Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsində istintaq materiallarının araşdırılacağını və zəruri addımlar atılacağını bildirdilər”.

Xatırladaq ki, tənqidçi Elnarə Tofiqqızı 20 sentyabr 2013-cü ildə “Medi Sina” klinikasında əməliyyat zamanı dünyasını dəyişib, 25 sentyabr 2013-cü ildə Nəsimi Rayon Prokurorluğunda faktla bağlı cinayət işi qaldırılıb.






Fikirlər