Universitetlərdəki İctimai Nəzarət şuraları kimə xidmət edir - tələbəyə, yoxsa rektora?
Bakıdakı bir sıra universitetlərdə İctimai Nəzarət şuraları yaradılıb. Bu şuraların fəaliyyəti nədən ibarətdir? Modern.az saytı məsələ ilə bağlı İctimai Nəzarət şuralarının sədrlərinin fikirlərini öyrənib. Azərbaycan Dillər Universitetinin İctimai Nəzarət Şurasının sədri Əliməmməd Nuriyev bu qurumların yaradılmasını təhsil sahəsində aparılan islahatların tərkib hissəsi kimi qiymətləndirir. “Çünki təhsil sahəsində ən önəmli məsələlərdən biri ictimai iştirakçılığın səviyyəsinin artırılmasıdır. Digəri isə şəffaflıqdır. Bu proses əsasən semestr imtahanlarını müşahidə etməkdən başlayır. Azərbaycanda hər zaman belə bir fikir səsləndirilir ki, semestr imtahanları başlayarkən böyük korrupsiya hadisələri baş verir. Ona görə də bu psosesdə şəffaflığın artırılması ilə bağlı bir sıra universitetlərdə belə şuralar yaradılmağa başladı. Bu şuralara media nümayəndələri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri daxildir. İlk öncə bu şura Bakı Dövlət Universitetində yaradıldı. Daha sonra isə bu proses digər universitetləri də əhatə etməyə başladı. Bu şuraların yaradılmasında əsas məqsəd təhsilin keyfiyyətinin artırılması və bəzi universitetlərdə korrupsiya hallarının aradan qaldırılması ilə bağlıdır. Əvvəl ancaq imtahanlar zamanı bu proses həyata keçirilirdisə, artıq yeni bir təşəbbüs irəli sürülüb ki, bütün tədris prosesini əhatə etsin”. Şura sədri bildirdi ki, qış imtahanlarının başlaması ilə əlaqədar bur qurumların işi aktuallaşıb. “Bir sıra maraqlı təkliflər səsləndirilib. Bunlardan biri bizim imtahan başlamazdan əvvəl onun keçiriləcəyi auditoriyalarda olmağımızdır. Tələbələrin imtahanlar və digər məsələlərlə bağlı bizə müraciət etmələri üçün müəyyən addımlar atmışıq. Bununla bağlı Facebook sosial şəbəkəsində səhifəmiz və elektron poçtumuz fəaliyyət göstərir. Həmçinin, Azərbaycan Dillər Universitetinin hər bir korpusunda şəffaf qutular qoyulub. Hər bir tələbə həmin qutuya yaxınlaşaraq adını da qeyd etmədən onu narahat edən bütün məsələlərlə bağlı təklif və şikayətini bildirə bilər. Biz də həmin məktublara baxıb onları universitet rəhbərliyi ilə müzakirə edək. Çünki rəqabətli dövlət və cəmiyyət yaratmaq istəyiriksə, eyni zamanda rəqabətli təhsil müəsissələri də yaratmalıyıq. Həmçinin, rəqabət qabiliyyətinə davamlı tələbələr də hazırlamalıyıq ki, onlar həm ölkə daxilində həm də ölkə xaricində sağlam rəqabət apara bilsinlər”. Azərbaycan Dövlət İqtisad Universitetinin İctimai Nəzarət Şurasının sədri Etibar Əliyev bildirib ki, “İctimai iştirakçılıq haqqında” qanun prezidentin 16 yanvar 2016-cı il tarixli sərəncamı ilə qəbul olunub. “Mən QHT rəhbəri kimi bu qanunun qəbul olunmasını yüksək qiymətləndirirəm. Bu qanuna görə İctimai Şura 5-15 üzvdən ibarət tərkibdə müvafiq tələblər nəzərə alınmaqla müvaffiq icra hakimiyyəti orqanının müəyyən etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir. Bir neçə nazirlikdə və ali məktəblərdə İctimai Şuralar yaradılıb. Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Dillər Universitetinin adını bu sırada çəkmək olar”. Şura sədri deyib ki, ali məktəblərdə sessiyalar zamanı yol verilən neqativ hallar barədə xeyli narazılıqların şahidi oluruq. “İctimai Şuralar təsis olunan ali məktəblərdə şura üzvləri imtahanların gedişatını izləyir, “qaynar xətt”ə nəzarəti təşkil edir, rektorla keçirilən “Açıq qapı”larda iştirak edirlər. Bu da sessiya zamanı şəffaflığın artırılmasına xidmət edir. Həmçinin, şura üzvləri ali məktəb rəhbərliyi ilə şikayətləri birgə araşdırırlar. Əslində bütün bunlar sosial sifarişdir və ölkə başçısı səviyyəsində bütün dövlət qurumlarında şəffaflığın və obyektivliyin bərqərar olunması kimi mühüm ideala xidmət edir. Lakin bəzi ali məktəblər bu cür şuraların yaradılmasına meylli deyillər və bu da ali məktəblərdə gedən proseslərin qapalılığını saxlamağa xidmət edir. Biz vətəndaş cəmiyyətinin nümayəndələri hesab edirik ki, nəinki sessiyalar zamanı, hətta bütün tədris prosesi boyu ali məktəblərimizdə neqativ hallar olmamalıdır. Məhz İctimai şuraların əsas missiyası neqativ halların aradan qaldırılmasına yardımçı olmaqdır. Cari tədris ilinin qış imtahan sessiyasının monitorinqini aparmağa şərait yaratdıqlarına görə İqtisad Universitetinin rektoru Ədalət Muradovla Dillər Universitetin rektor əvəzi Əfqan Abdullayevə təşəkkürümü bildirirəm”. Bakı Dövlət Universitetinin İctimai Nəzarət və Məsləhət Şurasının sədri Əjdər Ağayev bu şuraların nazirliklərdə, şirkətlərdə, təhsil müəssisələrində yaradılmasının nəzərdə tutulduğunu deyib. “Yəni prezident bununla əlaqədar göstəriş verib. İctimai Nəzarət Şurasının əsas funksiyası ali məktəblərdə, hər hansı fəaliyyət sahələrində və ya qurumlarda həyata keçirilən tədbirlərin, görülən işlərin faydalılığını və səmərəliyini ortaya çıxarmaqdır. Həm də neqativ hallar baş verdikdə onu ümumiləşdirmək və rəhbərliyə təkliflər verməkdir. Bu, bir növ vətəndaş cəmiyyəti sistemində cəmiyyət nümayəndələrinin, QHT-lərin hökumət təşkilatları ilə əməkdaşlığının qovuşuğudur. Nəzarət şuraları adından göründüyü kimi, sadəcə hər hansı bir işin həyata keçirilməsində iştirakından əlavə həm də müəssisə tərəfindən görülən işlərə nəzarət edir. Onun şəffaflığını, subyektivliyini, qanunauyğunluğunu, faydalılığını üzə çıxarır.Adından da göründüyü kimi, bu şura ictimai nəzarətdən sonra məsləhət verir. Bu şuranın üzvləri də ölkənin QHT-lərində fəaliyyət göstərən tanınmış ziyalılarıdır. Bu şuralar yeni yaranıb. Düşünürəm ki, getdikcə iş təcrübəsi də artacaq. Daha da formalaşacaq”. AzerTaym.az