AZƏRBAYCANDA YENİ “RÜŞVƏT KOMİTƏSİ” YARADILIR? - Sovetin “XALQ NƏZARƏTİ” geri qayıdır!
Xəbər verildiyi kimi, bu günlərdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən “İctimai nəzarət haqqında” qanun layihəsi ictimai müzakirəyə çıxarılıb. Qanun layihəsinin məqsədi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının vəzifə və funksiyalarının səmərəli şəkildə icra edilməsi, vətəndaşların və hüquqi şəxslərin qanuni maraqlarının qorunması, şəffaflığın və hesabatlılığın təmin olunmasında ictimai nəzarətin həyata keçirilməsi sahəsində münasibətlərin tənzimlənməsidir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsinin komitədə, Milli Məclisdə birinci, ikinci və üçüncü oxunuşda müzakirəsi zamanı təkliflərin nəzərə alınacağını bildirib. Qeyd edək ki, belə bir qanun layihəsinin hazırlanmasının səbəbi prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlət qurumlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsinin vacibliyini vurgulaması olub. Prezident həmin iclasdan sonra da çıxışları zamanı hökumətin fəaliyyətində ictimai nəzarətin təşkil olunmasının vacibliyini bir daha qeyd edərək bildirib ki, ictimai fəallıq lazımı səviyyədə olmalı və nəzarət mexanizmləri tətbiq edilməlidir. Prezidentin bu məsələni qabartmasından sonra mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında İctimai Şuraların yaradılmasına start verilib. Hətta bunun kampaniya xarakteri aldığını söyləyə bilərik. Hər gün müxtəlif nazirliklərdə, komitələrdə, icra hakimiyyətlərində, dövlət idarələrində, hətta universitet və məktəblərdə belə İctimai Şura yaradıldığına dair xəbərlərə rast gəlinir. Bu İctimai Şuranın üzvləri isə həmin qurumun rəhbərliyi tərəfindən seçilən insanlar olur, bəzi hallarda hətta bundan həmin “İctimai Şura” üzvlərinin xəbəri belə olmur. Sadəcə hansısa mərkəzi və yerli icra hakimiyyəti orqanı “yuxarılara” göstərmək üçün formal olaraq İctimai Şura yaradıldığını elan edirlər. Necə deyərlər, əsas “dokument” olsun! Bu cür formal İctimai Şuraların yaradılmasında başlıca səbəbin isə, əlbəttə, real ictimai nəzarətin qarşısını almağa hesablandığı şübhə doğurmur. Hər mərkəzi və yerli icra hakimiyyəti orqanı, dövlət qurumu “mənim özümün İctimai Şuram var” deyib, real ictimai nəzarətdən özünü kənarda saxlamaq istəyir. Belələri, necə deyərlər, həm Prezidentin tapşırıqlarına dəstək verdiklərini nümayiş etdirirlər, həm də öz “İctimai Şura”sının “nəzarəti” altında talançılığı, soyğunçuluğu davam etdirmək imkanı qazanırlar. Ancaq bu “bazardan” öz payını almaq istəyənlər də meydana çıxıb. Daha dəqiqi, bu sahənin “peşəkarları”, illərdir hökumətdən “ictimi nəzarətçi” kimi pay qoparanlar ictmai nəzarəti həyata keçirəcək rəsmi dövlət qurumu yaradılmasına çalışırlar. Belə ki, bununla bağlı AzPolitika.info-ya çox maraqlı bir məlumat daxil olub. Deyilənə görə, hökumət çevrələrində İctimai Nəzarət Komitəsi adlı yeni dövlət qurumunun yaradılması istiqamətində müzakirələr keçirilir. Daha doğrusu, belə bir qurumun yaradılmasının vacibliyinə Prezidenti inandırmaq cəhdləri var. Təşəbbüs müəllifləri belə bir cəhd baş tutarsa, onun başına deputatlardan birinin (Onun kimliyi bizə məlumdur-red)gətirilməsi planı üzərində də işləyirlər. Yeni yaradılacaq qurumun Sovet hakimiyyəti dövründə mövcud olan Xalq Nəzarəti Komitəsinin analoqu olması, onun funksiyalarını həyata keçirməsi təklif olunur. Qeyd edək ki, belə bir qurumun yaradılması ilə bağlı təkliflər “İctimai nəzarət haqqında” qanun layihəsinin müzakirəsi zamanı da səslənib. Azərbaycanda İnsan Hüquqlarına Dair Beynəlxalq Standartların Təsbiti üzrə Birgə İşçi Qrupunun sədri Kamil Səlimov bildirib ki, məmurların yol verdikləri qanun pozuntuları ilə bağlı vətəndaşların aidiyyəti qurumlara etdiyi müraciətlər əksər hallarda nəticəsiz qaldığından, İctimai Nəzarət Komitəsinin yaradılması zərurəti ortaya çıxıb. O, hazırlanmış layihədə komitənin dövlət nəzarəti ilə ictimai nəzarətin uzlaşdırılması, komitənin fəaliyyətinin qanunçuluq, kollegiallıq və aşkarlıq prinsiplərinə əsaslanmasının nəzərdə tutulduğunu qeyd edib. Yəni artıq belə bir qurumun yaradılmasının zəruriliyi ilə bağlı ictimai fikir də formalaşdırmağa başlanılıb. Təxminən nazirlik statusunda olacaq bu komitənin hansı formada yaradılması da əsas müzakirə mövzusudur. Belə ki, bu qurumun dövlətdən maliyyələşən komitə kimi və ya publik hüquqi şəxs kimi yaradılması da müzakirə olunur. Ancaq təşəbbüs reallaşarsa, indiki şəraitdə yeni qurumun publik hüquqi şəxs kimi yaradılma ehtimalı daha böyükdür (publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır). Lakin hansı formada yaradılmasından asılı olmayaraq, təcrübə ictimai nəzarətin xüsusi qurum yaradaraq həyata keçirilməsinin səmərə vermədiyini göstərir. Hələ Sovet dövrü, Moskvanın qorxusu olduğu bir dövrdə Azərbaycanda Xalq Nəzarəti Komitəsinin ən çox rüşvətə bulaşan qurum olduğunu, yəqin ki, çoxları xatırlayır. Bu qurumun yerli və mərkəzi rəhbərliyində oturanlar əhalidən gələn şikayətlərin əksəriyyətini qazanc yerinə çevirmişdilər. Ona görə də, o dövrdıə ən varlı şəxslər hesab olunurdular. Sadəcə, arada Moskvaya hesabat vermək üçün “balaca başları” kəsirdilər. İndi Azərbaycanda belə bir qurumun yaradılmasının oxşar məqsədlərə xidmət etməyəcəyinə zəmanət yoxdur. Əksinə, təşəbbüs müəlliflərinin İctimai Nəzarət Komitəsi adı altında özləri üçün qazanc yeri formalaşdırmağa cəhd etmə ehtimalı daha böyükdür.Üstəlik, indi Moskva da yoxdur… Bir də ki, ictima nəzarətin adı üstündədir – ictimaiyyətin nəzarəti olmalıdır. Hansısa komitənin nəzarəti olanda, bu artıq ictimai nəzarət olmur, rüşvət yığmaq imkanı olan bir struktur olur. Adının əvvəlində “ictimai” və ya “xalq” sözünün olmasından asılı olmayaraq… AzerTaym.az
Həmin toplantıda, Sovet dövründə Xalq Nəzarəti Komitəsinin sədri olmuş Oqtay Salmanov Azərbaycanda belə bir qurumun yaradılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda vətəndaşlar problemləri ilə bağlı hara müraciət edəcəklərini bilmirlər.