ELMAN RÜSTƏMOVUN SƏLAHİYYƏTLƏRİ AZALDILDI – Banklara yeni qurum nəzarət edəcək
“Prezidentin yeni Fərmanından belə görünür ki, qabaqcıl dünya təcrübəsinə uyğun olaraq ölkədə vahid maliyyə nəzarəti qurumu yaradılır. Yəni bank, sığorta və qiymətli kağızlar bazarına vahid dövlət qurumu nəzarət edəcək. Məntiqlə bu o deməkdir ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi ləğv olunacaq, Maliyyə Nazirliyindən sığorta nəzarəti, Mərkəzi Bankdan isə bank nəzarəti səlahiyyətləri alınacaq. Bunların hamısını Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsi həyata keçirəcək”. Fərmandan belə görünür ki, yeni qurumun rəhbəri vəzifəsinə əsas namizəd Rüfət Aslanlıdır. Bu seçimi də düzgün hesab edirəm. Rüfət Aslanlı maliyyə nəzarəti sahəsində hazırda ən savadlı və səriştəli dövlət məmurudur. (Azərtaym.az)
Bu fikirləri vəkil Əkrəm Həsənov feysbuk sosial şəbəkəsində yazıb. O, Fərmanın çox düzgün addım olduğunu bildiirb: “Maliyyə nəzarətini vahid və müstəqil qurum həyata keçirməlidir. Mərkəzi Bank isə yalnız pul siyasəti ilə məşğul olmalıdır. Maliyyə Nazirliyi isə dövlət büdcəsi ilə.
Ümid edirəm ki, yeni qurumun fəaliyyəti uğurlu olacaq və mövcud böhranın aradan tezliklə qaldırılmasına kömək edəcək”.
Ə.Həsənov bildirib ki, bu qurum ölkənin ilk publik hüquqi şəxsidir: “Publik hüquqi şəxs bizim üçün yeni və çox lazımlı institutdur. Çünki hazırda dövlətə məxsus olan hüquqi şəxslərin (məktəblərin, xəstəxanaların, kitabxanaların və s.) status problemi var. Onların çoxu yəqin ki, yaxında publik hüquqi şəxslər olacaq”.
Xatırladaq ki, bu gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmanla Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti ləğv edilib və onların istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib.
Onu da qeyd edək ki, publik hüquqi şəxs – dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır.