Akif Çovdarov: Bu, məhkəmə deyil, PORNOQRAFİYADIR”

bitmap-img6

Ötən gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib

 

İclas gərgin başladı və bu gərginlik gün ərzində hiss olunmaqda davam etdi. 
Məhkəmə zalında sakitliyi vəkillər pozdular, daha doğrusu, növbəti dəfə hamılıqla iclasa gecikmələri ilə prosesə sədrlik edən hakim Həbib Həsənovun səbrini tükəndirdilər və o, təqsirləndirilənlərin müdafiəçiləri barədə Vəkillər Kollegiyasına rəsmi müraciət edəcəyini bildirdi.
İcra məmuru: "Məhkəməni uddular, amma icra edilməsi üçün gəlmədilər"
Kürdəmirdə "Xatirə" yeməkxanasının yolunun kəsilməsi və Akif Çovdarovun da həmtəsisçilərindən olduğu deyilən "RAF-2006" MMC-yə ayrılmış torpaq sahəsi ilə bağlı iddia üzrə epizoda baxış bu gün də davam etdirildi.
Hazırda Göyçay Rayon İcra şöbəsinin böyük məmuru olan, o vaxtlar isə Kürdəmirdə həmin vəzifəni icra etmiş şahid Hikmət Quliyev ifadəsində bildirdi ki, 2010-cu ildə "Xatirə" yeməkxanasının sahibi Sədiyar Tağıyev yolun açılması ilə bağlı keçirilmiş məhkəməni udduqdan sonra icra məmurları onu dəfələrlə şöbəyə dəvət ediblər. Lakin nə S.Tağıyev, nə də onun hüquqi təmsilçisi qazandıqları iddianın həyata keçirilməsi üçün dəvət olunduqları ünvana gəlmək istəməyiblər.
Əksinə, cavabdeh tərəf - "RAF-2006"nın direktoru Fəttah Seyidov icra məmurlarını ziyarət edərək, onları mübahisəli yerə gətirib və yolun bağlanmadığını, sadəcə, mal-qaranın içəri keçə bilməməsi üçün 1 metr hündürlüyündə adi cəftəli məftil qapı qoyulduğunu göstərib.
Vəkillər zərərçəkmiş Şehman İmanovdan nəyə görə məhkəməni qazandıqdan sonra icra şöbəsinə getmədiklərini soruşduqda isə iddiaçı doğru-dürüst cavab verə bilmədi.
Akif Çovdarovun "RAF-2006" şirkətinin torpağı əlindən alınır
Kürdəmir rayonu Mollakənd kənd bələdiyyəsinin sədri Nofəl Qasımov şahid qismində ifadə verərək dedi ki, adı çəkilən "Xatirə" yeməkxanası 2000-ci ildən sonra işləməyib. N.Qasımovun iddiasına görə, Malik İmanov vəfat etdikdən sonra oğlu Şehman İmanov restoranı işlətməkdə çətinlik çəkib, lakin hələ o vaxta kimi də bu obyekt əvvəlki şöhrətini itiribmiş: "2000-ci ildə rayonda artıq müasir restoranlar, kafelər var idi, "Xatirə"yə gedib-gələn yox idi".
Bələdiyyə sədri "RAF-2006"nın fəaliyyəti barədə danışarkən qeyd etdi ki, bu şirkət rayonda xeyli iş görüb və iri təsərrüfat yaradıb. Lakin ifadəsinin gedişində N.Qasımov kobud səhv edərək, Kürdəmir rayon icra başçısını pis vəziyyətdə qoydu - bələdiyyə sədri bildirdi ki, MMC-yə ayrılan torpaq bələdiyyə torpağı olsa da, həmin torpağın "RAF-2006"ya ayrılması barədə göstərişi icra başçısı verib, o isə sadəcə olaraq, müqaviləni imzalayıb. Halbuki, bələdiyyə torpağının yeganə sərəncamçısı bələdiyyə özüdür.
Nofəl Qasımov onu da dedi ki, hazırda "RAF-2006" MMC-yə icarəyə verilmiş torpaq üzrə icarə müqaviləsinin dayandırılması ilə bağlı məhkəmə araşdırması gedir.
"Dəlixana" və Akif Çovdarovdan "pornoqrafiya" ittihamı
Nofəl Qasımova vəkillərin sualları yarımçıq qaldı. Hakim Həbib Həsənov vəkil Kamandar Nəsibovun sualını yarımçıq kəsərək, şahidin zalı tərk etməsini istədi. Bu vaxt zalda vəziyyət çox gərginləşdi və vəkillə sədr arasında yüksək tonlarda dialoq baş tutdu:
K.Nəsibov: Bu məhkəmə olmadı, dəlixanadır bura.
Sədr: Dəlixanada özünsən.
K.Nəsibov: Əlbəttə, mən də buradayamsa, deməli, dəlixanadayam da...
Sədr: Kəs səsini, otur aşağı...
Vəziyyətin gərginliyindən istifadə edən təqsirləndirilən Akif Çovdarov ayağa duraraq, baş verənlərə öz fikrini bildirdi:
A.Çovdarov: Bu, məhkəmə deyil, pornoqrafiyadır.
Sədr: Ağzının danışığını bil, ədəbsiz ifadələr işlətmə!
Vəkil Cavid Rzazadə: "Pornoqrafiya" sözü Cinayət Məcəlləsində də var, biədəb deyil.
Zərərçəkənin əmisi vəziyyəti lap qızışdırdı
Virtualaz.org-un əməkdaşı məhkəmə zalından xəbər verir ki, növbəti şahid zərərçəkən Şehman İmanovun əmisi Zakir İmanov oldu. İfadəsində şahid bildirdi ki, qardaşı oğlunun restoranının yolu kəsilib və buna görə həmin torpağı alanlar günahkardırlar. Vəkillərin suallarını cavablandırarkən şahid qeyd etdi ki, Akif Çovdarovu tanımır, görməyib və yalnız Fəttah Seyidovun adını eşidib.
Bu vaxt vəkillər şahidin istintaqa verdiyi ifadənin səsləndirilməsini istədilər. Məlum oldu ki, Z.İmanov istintaqa verdiyi ifadədə əsas günahın sahibi Akif Çovdarovun olduğu "RAF-2006" MMC-yə aid olmasını deyib. Vəkil Cavid Rzazadə ilə şahid arasında maraqlı dialoq baş verdi:
C.Rzazadə: İmanov, "RAF-2006" nədir?
Şahid: Nə bilim? Yəqin, nəsə elektrik şirkəti-filandır.
C.Rzazadə: Axı siz istintaqa ifadənizdə həmin şirkətin adını çəkmisiniz. Onun Akif Çovdarova məxsus olmasını demisiniz.
Şahid: Mən Akif Çovdarovu tanımıram, adını da eşitməmişəm.
Şahid məhkəmədə verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və istintaqa verdiyi ifadə ilə uyğunsuzluqların səbəbini açıqlamadı.
Vəkil qapını çırparaq iclas zalını tərk etdi
Vəkillərdən Kamandar Nəsibov şahid Zakir İmanova suallarını ünvanlaya bilsə də, sədr Həbib Həsənov bu vaxt şahiddən suallara cavab verilməsini dayandırmasını və zalı tərk etməsini tələb etdi.
Vəkil Sadiq Rəsulov şahidə suallarının olduğunu dedi. Təqsirləndirilən Akif Çovdarov da sual vermək istədiyini bildirdi. Lakin hakim başqa şahidin zala daxil olmasını istəyincə, vəziyyət yenə gərginləşdi. Vəkil Sadiq Rəsulov onun bir vəkil kimi hüquqlarının pozulduğunu, buna görə etirazını bildirəcəyini dedi və nümayişkaranə şəkildə qapını çırparaq zalı tərk etdi.
"Borcun varsa, dur Akif Çovdarovun üzünə"
"BakTel" MMC-nin keçmiş əməkdaşı, keçmiş MTN şefi Eldar Mahmudova ötürülmək üçün Akif Çovdarova 525 min dollar verdiyini bildirmiş zərərçəkən Zaur İbrahimovun iddiası üzrə epizodla bağlı şahid kimi ifadə verən polis polkovniki Arif Qarayev uzun illər Akif Çovdarovla bir yerdə işlədiyini bildirdi.
Şahidin sözlərinə görə, onun qardaşı oğlu Ruslan Qarayev günlərin bir günü MTN-ə çağırılıb. Böyük qardaşı Arif Qarayevə zəng edərək, Akif Çovdarovla əlaqə saxlamasını və oğlu ilə bağlı məsələnin nə yerdə olmasını öyrənməsini xahiş edib. Şahid bildirdi ki, Akif Çovdarovla danışdıqdan sonra problem aradan qaldırılıb və Ruslan Qarayev MTN-in binasını tərk edib. Arif Qarayevin sözlərinə görə, sonradan qardaşı oğlundan öyrənib ki, Akif Çovdarov ona birgə işləmək təklifi edib.
"Burada heç bir pul söhbəti olmayıb və qardaşımın oğlu da bu barədə heç nə deməyib. Ümumiyyətlə, bir faktı demək istəyirəm. O gün "Təzə bazar"ın yaxınlığında iki taksi sürücüsünün söhbətini eşitdim. Borcdan danışırdılar. Biri o birinə dedi ki, borcun varsa, get məhkəməyə, dur Çovdarovun üzünə", - şahid baxılan epizoda aidiyyatı olmayan izahat da verdi.
Məsələ ilə bağlı təqsirləndirilən Akif Çovdarov qeyd etdi ki, Ruslan Qarayevin və onun dostlarının "bacarıqlı uşaqlar" olduğunu bilirmiş və onlara Gürcüstanda birgə iş qurmaq təklifi edib.
Badamdarda 6 sot torpağı kim hədiyyə edər?
Zərərçəkən, sonradan isə şikayətini geri çəkərək istintaqa verdiyi ifadəni təsdiq etmiş Mübariz Məmmədovun iddiası üzrə epizodla bağlı şahid kimi çıxış edən Qədir Camalxanov deyib ki, Mübariz Məmmədovun qardaşı Zülfüqar Məmmədov ondan 30 min dollar borc istəyib. Lakin pulu olmadığından, o, Badamdardakı 6 sot boş torpağı sataraq, pulu dostuna verib.
"Aramızda borc söhbəti yoxdur. Biz dostuq. Məndən istədi, mən verdim. Pulun qayıdıb qayıtmamasının məsələyə dəxli yoxdur", - şahid bildirdi.
Vəkillər Qədir Camalxanovdan Mübariz Məmmədovun böyük qardaşının həmin vaxt Səbail icra hakimiyyətinin başçısı vəzifəsində olduğunu bilib bilmədiyini soruşdular. "Camalxanov, birdəfəlik deyin ki, o torpaq sizin deyildi, sadəcə adınıza olub, siz də notariusda qol çəkib vermisiniz yiyəsinə", - vəkillər şahidi yalan ifadə verməkdə günahlandırdılar.
Qədir Camalxanov məsələnin belə olmadığını və torpağı 1995-ci ildə icra başçısının sərəncamı əsasında əldə etdiyini bildirdi.
Qolu qandallı şahid zərərçəkənə 1 milyon dollar borc qaytarıb
Zərərçəkən Zaur İbrahimovun epizodu üzrə şahid qismində ifadə vermək üçün həbsdə olan Ramiz Ağayev konvoyun müşayiəti ilə qolu qandallı zala gətirildi.
Şahid bildirdi ki, zərərçəkən Zaur İbrahimovla birgə biznesi olub və sonradan yaranmış 1 milyon dollarlıq borcunu qaytarmaq üçün Göyçaydakı "Ceyhun" kəndli-fermer təsərrüfatını və 500 min dollar nağd pulu Z.İbrahimova verib.
Şahidin ifadəsinin iddia predmetinə birbaşa aidiyyatı olmadığından, onun söylədiklərindən maraqlı bir fakt ortaya çıxmadı.
Qeyri-adi vəsatət və onun təmin edilməsi
İclasın ikinci hissəsi zalı tərk etmiş vəkil Sadiq Rəsulovun prosesdə iştirak edən vəkillər adından vəsatətlə çıxış etməsi ilə başladı. Vəkil vəsatəti təqdim edərək, sual verməyə imkan yaradılmadan yarımçıq kəsilmiş şahid ifadələrinin yenidən verilməsini istədi.
Qısa müşavirədən sonra məhkəmə kollegiyası vəsatəti təmin etdi və şahidlər Nofəl Qasımovla Zakir İmanov əlavə suallara cavab verdilər.
Eldar Mahmudovun şirkətinin direktoru 8 ildir ki, itkin düşüb
İclasda ifadə vermiş şahid İlqar Məhərrəmov ifadəsində bildirdi ki, əkiz qardaşı Vüqar Məhərrəmov sahibinin keçmiş MTN şefi Eldar Mahmudov olduğu iddia edilən "AyTel" şirkətinin direktoru işləyib. Xatırladaq ki, zərərçəkən Zaur İbrahimov ondan alınan 525 min dolların Eldar Mahmudova ötürüldüyünü demişdi. Səbəb isə "BakTel" MMC-nin əməkdaşlarından birinin "AyTel"ə 550 min dollar "atması" olmuşdu.
Şahidin sözlərinə görə, əkiz qardaşı ilə yaxşı münasibətdə olmasa da, bilir ki, 2009-cu ilin sentyabr ayında o itkin düşüb və indiyə kimi harada olduğu bilinmir. "Amma sağ olduğuna inanıram", - şahid deyib.
İlqar Məhərrəmov ifadəsində qeyd edib ki, qardaşının sürücüsü və sağ əli olmuş şəxs indi həyatda deyil, lakin ölənə qədər Eldar Mahmudovun şirkətinin direktoru işləmiş Vüqar Məhərrəmovun başına nə gəldiyini deməyib. "Bu sirri özümlə qəbrə aparacağam", - şahidin bildirdiyinə görə, sürücü belə deyib.
Məhkəmədə səsləndirilmiş bəzi iddialara görə, itkin düşdüyü gün Vüqar Məhərrəmov MTN-ə çağırılıb. Onun sonrakı taleyindən xəbər yoxdur.
"Texnikabank"ın müdir müavini 8 saat MTN-də saxlanılıb
İclasda son olaraq zərərçəkən Elton Əliyev çıxış etdi. Onun sözlərinə görə, 2007-ci ildə iki nəfər MTN əməkdaşı iş yerindən götürərək onu MTN-ə gətiriblər. "Biz binaya daxil olandan sonra liftlə neçənci mərtəbəyəsə qalxdıq. Dəqiq bilmirəm. Orada məni tək otaqda 8 saat saxladılar. Yalnız axşam başa düşdüm ki, məqsədləri atamı MTN-ə gətirtməkdir. Mənə telefon verdilər və atamla danışdım, bura gəlməli olduğunu dedim", - zərərçəkən bildirib.
Qeyd edək ki, hazırda Elton Əliyev özü bir neçə şəxsə eyni mənzilin satışında ittiham edilərək, "dələduzluq" maddəsi ilə təqsirləndirilən qismindədir və ev dustaqlığına buraxılıb. Atası, "Badukubə" MTK-nın təsisçisi Nəsib Əliyev isə eyni maddə üzrə 13 il həbs cəzası alıb və artıq 5 ildir ki, həbsxanadadır.
Zərərçəkənin sözlərinə görə, Akif Çovdarov onun atasından bir dəfə 350 min, başqa bir vaxt isə 80 min dollar pul alıb.
Prokuror səhvi, yoxsa fövqəladə operativlik?
Təqsirləndirilən Akif Çovdarovun vəkilləri zərərçəkən Elton Əliyevin və məhkəmə kollegiyasının nəzərinə maraqlı faktlar çatdırdılar.
Cinayət işinin materiallarından məlum olub ki, zərərçəkən Elton Əliyev o vaxt saxlanıldığı Kürdəxanı təcridxanasında əvvəlcə şahid kimi müstəntiq Fuad Alməmmədova ifadə verib. Bu ifadə saat 15:50-də başlayıb və 16:20-də bitib. Bundan cəmi 35 dəqiqə sonra, saat 16:55-də eyni müstəntiq Elton Əliyevdən artıq zərərçəkən qismində ifadə alıb. Lakin arada qalan 35 dəqiqə ərzində Elton Əliyev zərərçəkən qismində tanınıb və həmin tanınma protokolu müstəntiq Vüqar Nəsibov tərəfindən tərtib edilib.
Vəkillərin sözlərinə görə, maraqlısı odur ki, sözügedən vaxt müstəntiq Vüqar Nəsibov təcridxanada olmayıb. Başqa sözlə, 35 dəqiqə ərzində dustaq Kürdəxanıdan şəhərin mərkəzinə etap edilib, zərərçəkən kimi tanınıb və təcridxanaya geri qaytarılıb.
Akif Çovdarovun "torba tikməsi"
Prosesin sonunda təqsirləndirilən Akif Çovdarov söz istədi və çıxış etdi:
"Bildirmək istəyirəm ki, mənim işlədiyim idarə MTN-in binasının 1-ci mərtəbəsində yerləşib. Əgər zərərçəkən liftə mindiyini deyirsə, deməli, bu iş mənlik deyil, çünki 1-ci mərtəbəyə liftlə qalxmırlar. Bu oğlanın qaynatası prokuror idi və mənimlə yaxın idi. Özü və atası ilə bağlı birdən-birə 3 ərizə bizim idarəyə daxil olmuşdu. Rəhmətlik qaynatası zəng etdi ki, bəs qudamla oğlunun işi səndədir, kömək elə. Mən də bildirdim ki, qeydiyyatdan keçmiş 3 ərizə var. Gəl, göndərim sənin üstünə, özün həll edərsən. Bundan sonra həmin materialları göndərdim qaynatasına, işi mən aparmadım.
Məndən çox bu ölkədə adam həbs edən olmayıb. 3-4 min adam həbs etdirmişəm. Heç birimiz müqəddəs deyilik, mən də vaxtilə "torba tikmişəm". Amma bu işlərdə ən azı 80% cinayət tərkibi olub. 20%-ni də özümüz düzüb-qoşmuşuq ki, adamı salsınlar içəri.
Amma buradakı işlərin çoxu heç nədən uydurulub. Prokurorlar boş torpağın üstündə, heç bir əsas olmaya-olmaya cinayət işləri qurublar. Belə də olmaz axı..."
Məhkəmənin növbəti iclası bazar ertəsi, fevralın 13-nə təyin edildi.






Fikirlər