Tağı Əhmədovun qohumları Akif Çovdarovun məhkəməsində ifadə verdi
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Modern.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə Bakı Metropoliteninin sabiq rəisi, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatı üzrə sədri Tağı Əhmədovun zərərçəkmiş kimi ifadə verəcəyi elan olunub. Jurnalistlərə açıqlama verən A.Çovdarovun vəkili Sadiq Rəsulov bildirib ki, təqsirləndirilən şəxslərin vəkilləri buna etiraz edib: "Biz əvvəlcədən hansı epizodlar üzrə işə baxılacağını bilmirdik. Bu barədə məlumat verilməmişdi. Çünki cinayət işinin cildləri çox olduğu üçün onu özümüzlə gəzdirmək mümkün deyildi. Buna görə də məhkəmənin təxirə salınmasını istədik". Məhkəmə günün ikinci yarısına qədər təxirə salınıb. Günün ikinci yarısında davam etdiriləcək iclasda T.Əhmədovun zərərçəkmiş kimi ifadə verəcəyi gözlənilir. S.Rəsulovun sözlərinə görə, müvəkkilinin səhhəti yenə məhkəmədə pisləşib. Günün ikinci yarısında davam etdirilən prosesdə zərərçəkmiş qismində T.Əhmədovun qardaşı oğlu Şövqi Əhmədov və onun qohumu Elşən Tağıyev dindirilib. Hər iki şəxs ifadəsində qeyd edib ki, onları MTN-ə aparıblar və orada döyüblər: "Lakin orada kim tərəfindən döyüldüklərimizdən xəbərsizik. Təqsirləndirilən şəxslərin isə heç birini tanımırıq". Daha sonra Ş.Əhmədovla E.Tağıyevin istintaqa verdiyi ifadələrlə məhkəmədə verdikləri ifadələr arasında ziddiyyətlər olduğu müəyyənləşib. Onların ifadələri elan edilib. Bundan sonra həmin şəxslər istintaqa verdikləri ifadələrini təsdiq etdiklərini deyiblər. Vəkil S.Rəsulov növbəti məhkəmə iclasında T.Əhmədovun məhkəmədə ifadə verəcəyini bildirib. İttiham aktına əsasən, Ş.Əhmədovla E.Tağıyev MTN-ə aparılıb, orada döyülüblər. Həmin şəxslər ifadələrində söyləyiblər ki, MTN-də T.Əhmədovun əleyhinə ifadə vermələri tələb olunub. Məhkəmənin növbəti iclası dekabrın 28-nə təyin edilib.