Hər gün onlarla istifadəçi "FEYSBUK" hesabını bağlayır
Dünyanın ən çox istifadə edilən "Feysbuk" şəbəkəsi reytinqini itirir. Publika.az xəbər verir ki, 2 milyarddan çox aktiv istifadəçisi olan şəbəkədə istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyi qorunmur. Belə ki, ismarıc bölməsində istənilən şəxsə müxtəlif zamanlarda göndərilən faylları (şəkillər, videolar, doc.fayllar ) sonradan silmək mümkün deyil. İstifadəçilər söhbət arxivini silsələr də, daha əvvəl göndərilən bütün şəkillər ismarıc bölməsində olduğu kimi qalır. Onları ayrı-ayrılıqda silmək də mümkün deyil. Məhz bu səbəbdən şəbəkə istifadəçiləri status paylaşaraq kütləvi şəkildə öz hesablarını bağlayırlar. Xatırladaq ki, şəbəkənin rəsmi qaydalarına görə, şəxsi hesabı dondurulan hər bir istifadəçinin hesabı (aktiv fəaliyyət ərzindəki bütün məlumatlar daxil olmaq şərtilə) 14 gün müddətində aktivləşdirilmədikdə bazadan bərpa edilməmək üzrə silinir. "Feysbuk" isə mövcud problemlə bağlı heç bir açıqlama verməyib.