"Facebook" bağlana bilər - Araşdırmalar başladı.
“Facebook” şirkəti Avropada istifadəçi məlumatlarının məxfiliyinin mühafizəsi haqda mövcud qanunları pozmaqda ittiham edilir. Almaniya və İspaniya daxil olmaqla artıq bir neçə ölkənin tənzimləyici orqanı “Facebook”la bağlı şikayət edib. Şəxsi həyatın qorunması üzrə Belçika Komissiyasının təşəbbüsü ilə başlanılmış araşdırma daha geniş vüsət alıb. Tənzimləyici orqan “Facebook”dan sosial şəbəkənin təşkili sxemini dəyişdirməyi tələb edir və hüquq pozuntusuna görə hər gün üçün 250 min avro cərimə tələb edir. “Facebook”un nümayəndəsi isə bildirib ki, əgər bu tələbləri təmin etsək, şəbəkədə belçikalı istifadəçilərin işi xeyli dərəcədə çətinləşəcək: onlar daha mürəkkəb identifikasiya prosedurundan keçməli olacaqlar. İlk öncə “Facebook”un mövqeyi ondan ibarət idi ki, yalnız İrlandiyanın tənzimləyici orqanlarına tabe olmalıdır və başqa Avropa ölkələrinin tənzimləyici orqanları heç bir yurisdiksiyaya malik deyil. İndi şirkət regiondakı problemləri həll etmək üçün hakimiyyətdən kömək istəyib. Qeyd edək ki, Avropada “Facebook” istifadəçilərinin sayı yüz milyonlarla hesablanır və ötən il şirkətin bu regionda gəliri 3 milyard dolları ötüb. Cari ilin yayında Almaniyada tənzimləyici orqanlar “Facebook” sosial şəbəkəsindən tələb ediblər ki, istifadəçilərə öz həqiqi adlarını təxəllüslə əvəzləməyə icazə verərək qeydiyyat qaydalarını dəyişdirsin. Şirkət bu tələbə qarşı etiraz edərək bildirib ki, istifadəçilərin təhlükəsizliyi və məxfiliyi o halda təmin edilə bilər ki, informasiyanın kiminlə bölüşüldüyü məlum olsun. Müvafiq məhkəmə işləri İspaniya, Hollandiya, Fransada aparılır. Belçikada tənzimləyici orqanlar ondan narazıdırlar ki, “Facebook” yalnız öz istifadəçilərinin fəaliyyəti haqda deyil, həm də bu sosial şəbəkədə qeydiyyatdan keçməmiş və ondan istifadə etməyən insanlar haqda məlumat toplayır. “Facebook” istifadəçilər haqda məlumat topladığını etiraf edib, amma şirkət iddia edir ki, bu məlumatlar yalnız botların aşkar edilməsində istifadə olunur. //AzərTac