Tarixdə İLK - 5G mobil RABİTƏ ŞƏBƏKƏSİ yaradıldı
Yeni nəsil 5G mobil rabitə şəbəkəsi yaradılıb. Publika.az xəbər verir ki, layihə Çinin “Huawei” şirkəti ilə “Vodafone” mobil operatorunun birgə fəaliyyəti əsasında hazırlanıb. Belə ki, telekommunikasiya avadanlığı istehsalçısı və mobil operatorun avtonom olmayan “Non Stand-Alone [NSA] 3GPP 5G NR” (“yeni radio”) arxitekturası standartları əsasında beşinci nəsil mobil rabitə şəbəkələrində (5G) tarixdə ilk zəng həyata keçiriblər. “5G NR” sınaq şəbəkəsi 3,7 QHs spektrindən istifadə edilməklə test edilib. Sınaq mərhələsi isə “5G” eksperimental qurğu vasitəsilə yoxlanılıb. Məlumata görə, qoşulma “4G” şəbəkəsindən istifadə olunmaqla quraşdırılan “VOIP” protokol tipi üzrə baş tutub, məlumatların ötürülməsi isə sonradan “5G” texnologiyası ilə həyata keçirilib. Mühəndislər, həmçinin yüksək dəqiqlikli (HD) videozəngin uğurlu sınaqlarını keçiriblər. “İlk “5G” zəngi avtonom olmayan “NR” arxitekturası standartı dərc edildikdən 2 ay sonra həyata keçirilib. Nəticələr bütün dünyaya sahənin “5G” servislərinin kommersiya istifadəsinə hazır olmasını nümayiş etdirir”, - “Huawei” və “Vodafone” şirkətlərinin birgə bəyanatında deyilib. Bundan başqa, şirkətlər tərəfindən ənənəvi mikrodalğalı IP rabitə xətlərinin “5G” nəqliyyat şəbəkələri üçün həyat qabiliyyəti olan texnologiyalar kimi qalmasını təsdiq edən sınaqlar keçirilib. Xatırladaq ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. 2020-ci ildən etibarən bütün dünya 5G şəəkəsindən istifadə edəcək. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.