"Nazim İbrahimovun MÜAVİNİ də məsuliyyətə CƏLB OLUNA BİLƏR
"Diasporla İş üzrə Dövlət Komitəsinin işində narazılıqlar var idi, Komitənin sədri Nazim İbrahimov öz vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyib. Təbii ki, bütün bunlardan Prezident İlham Əliyevin də məlumatı var. Buna görə də Prezident Nazim İbrahimovun işdən azad edilməsi barədə sərəncam verib”.
Bunu "Report”unsualını cavablandıran Prezident Administrasiyasının rəhbəri, akademik RamizMehdiyev deyib.
Ramiz Mehdiyev qeyd edib ki, Nazim İbrahimovun rəhbərliyi dövründə nə Gürcüstanda, nə Avropa ölkələrində, nə də Orta Asiya ölkələrində yaşayan azərbaycanlılarla heç bir iş görülməyib: "Düzdür, Komitədə müəyyən beynəlxalq tədbirlər keçirilib, amma konkret işlər görülməyib. Müəyyən tədbirlərin həyata keçirilməsində dövlət tərəfindən ayrılan maliyyə yardımları da öz ünvanına çatmayıb”.
Bizimxeber.az məlumat yayıb ki, Ramiz Mehdiyevin sadaladığı problemlərin yaranmasında Nazim İbrahimovla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin birbaşa qeyd olunan sahələr üzrə məsul şəxsi, yəni komitə sədrinin müavini Ramin Məmmədovun da payı var və o, hələ də işdən azad olunmayıb.
Məlumatda deyilir ki, komitənin Avropa və Asiya ölkələrindəki diaspora qrumları ilə işin təşkili birbaşa Ramin Məmmədovun nəzarətində olub.
Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı olduğunu və müəyyən səbəblərdən adını açıqlamaq istəmədiyini bildirən mənbənin bizimxeber.az-a verdiyi məlumata görə, Ramin Məmmədov Avropa və Asiya ölkələrində diaspora işinin təşkili ilə məşğul olmaq əvəzinə, öz maraqlarına xidmət edib.
Mediada yayılan məlumatlara görə, Nazim İbrahimovla yanaşı, komitə sədrinin də məsuliyyətə cəlb edilməsi gözlənilir. Amma bu məlumat adıçəkilən şəxs tərəfindən nə təsdiq, nə də təkzib edilib.