Orxan Camalın qətli ilə bağlı İLGİNC İDDİALAR

İyulun 31-də Mərkəzi Afrika Respublikasında üç rusiyalı jurnalistin qətlə yetirilməsi dünya boyunca müzakirə mövzusudur.

Öldürülənlər arasında Azərbaycan əsilli jurnalist Orxan Camalın da olması ölkəmizdə təəssüf və hiddətlə qarşılanıb. Qətl hadisəsi ilə bağlı ən müxtəlif versiyalar var.

Sənədli film çəkən rusiyalı jurnalistlərə on nəfər hücum edib. 
Radiostansiyanın məlumatına görə, öldürülən Orxan Camal, Aleksandr Rastorquyeva və Kiril Rodçenkaya Sibuta yaxınlığında axşam saat 6 radələrində hücum edilib. "Təhlükəsizlik qüvvələrinin nümayəndələri gecə düşdüyündən onlardan şəhəri tərk etməməyi istəyib. Lakin onlar fikirlərindən dönməyib və şəhəri tərk ediblər” - deyə yerli məmur Marselin Yoyo bildirib.
Onun sözlərinə görə, cinayətkarlar çalmada olub və yalnız ərəbcə danışıblar.
MAR-da vəziyyətin sabitləşməsi üzrə BMT missiyasından bildirilib ki, öldürülən rusiyalı jurnalistlərin cəsədləri Sibutadan 33 kilometr şimalda tapılıb. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi başladıb və cinayətin araşdırılmasında MAR-dan olan həmkarlarına kömək etməyə hazır olduğunu bildirib.
Orxan Camal ile ilgili görsel sonucu
O.Camalın Azərbaycandakı ən yaxın dostlarından biri, tanınmış teleaparıcı, yazar Həmid Herişçi "Yeni Müsavat”a açıqlamasında dostunun ölümü ilə bağlı bəzi diqqətçəkən faktlar açıqladı: "Orxan Camal Azərbaycanı sevirdi. Dəfələrlə Rusiya və digər ölkələrdə şahidi olmuşam ki, o, Azərbaycan, milli mənafelərimiz uğrunda savaşırdı. Onun özü və atası Heydər Camalla çox yaxın dost olmuşam. Bu dostluğumuz on illərə gedib çıxır. Onun haqqında danışmaq çox ağırdır. Məni sevənlərin hamısı öldü. Yaxın insanları itirəndə insanın özü əcəlini hiss edir. Ən böyük vətənpərvər insanlardan birini, Azərbaycanı sevəni itirdik. Orxan Camal güclü idmançı idi, xüsusi təyinatlı əsgərlərin içərisində xidmət etmişdi. O, eyni zamanda alpinist idi. Yüksək zirvələrə qalxırdı.
Onun səyahətlərindən xəbərim var. Hamı yaxşı bilir ki, şəxsi ordular var. Bu orduların marşrutları Orxan və atası üçün yaxın idi. Onu da qeyd edim ki, həmin qrupda xeyli sayda azərbaycanlı da var. Həyatdır, bəzən insanlar pul qazanmaq üçün Mərkəzi Afrika Respublikasına belə gedirlər. Fakt budur ki, Heydər Camalın oğlu Orxanın həyatı Afrikanın tən ortasında, Mərkəzi Afrika Respublikasında mənasız bir yol qırağında atışma zamanı məhv oldu. 2011-ci ildə Liviyadakı hadisələr zamanı ingilis xüsusi təyinatlıları onun ayağını nişan almışdılar. Ayağını o zaman kəsmək istədilər, amma Oxran buna icazə vermədi. İki il ərzində İllizarov metodu ilə ayağını böyüdüb bərpa etdi. Ondan sonra da normal gəzirdi. Onun ən böyük arzusu Şuşada vuruşmaq idi.
Son zamanlar çox sevinirdi ki, işğal altında olan rayonlarımızdan beşinin qaytarılması istiqamətində ciddi uğurlar əldə olunub. Orxan o proseslərin də içərisində idi. Mənə elə gəlir ki, Rusiyanın Afrikada möhkəmlənməsini istəməyən qüvvələr bu hadisəni törətdilər. O qüvvələrin nəyinə gərəkdir ki, rus səfirlərini, dövlət nümayəndələrini öldürsünlər. Çünki bu daha ağır zərbə olar. Onun üçün də Orxan Camal kimi jurnalisti öldürdülər. Bilirsiniz ki, Rusiyada keçirilən və ötən ay başa çatan futbol üzrə dünya çempionatı zamanı Mərkəzi Afrika Respublikasının prezidenti Moskvaya gəlmiş, Vladimir Putinlə görüşmüş, Rusiya rəhbərindən kömək istəmişdi. Görüş zamanı xahiş edir ki, ordu hissələri ilə onlara Rusiya kömək göstərsin. Məhz bu səfərdən sonra kimlərsə ora film çəkməyə gedir və faciəli şəkildə qətlə yetirilirlər. Bunu Maksim Şevçenko da dedi ki, onları Qərb xüsusi təyinatlıları öldürüblər. Həmin terrorçular İŞİD-çilər da ola bilərlər. Versiyam əsas odur ki, onları Rusiyanın Afrikada möhkəmlənməsini istəməyən Qərb xüsusi təyinatlıları öldürüblər. Eşitdiyimə görə, bu hadisəni törətmək üçün İŞİD-çilərdən istifadə ediblər. Killerlər ərəb dilində danışıblar. Bir yerə kömək üçün əvvəl ordu, kəşfiyyat getmir, jurnalistlər gedirlər. Bu baxımdan Orxangil ora təsadüfi getməyiblər. Orxanı atasının yanında Almatida dəfn edəcəklər”.
"Orxan Camalın nənəsi də, anası da, həyat yoldaşı da rus idi. Atası kimi Moskvada doğulmuş və bütün ömrünü Rusiyada yaşamışdı. Bununla belə, əsl azərbaycanlı və müsəlman idi”.
BakuPost xəbər verir ki, Teleqraf.com-un məlumatına görə, bunu Vəkillər Kollegiyasının üzvü, iqtisadçı ekspert Əkrəm Həsənov bildirib.
O qeyd edib ki, Orxan da atası Heydər Camal kimi Azərbaycanı hər zaman təmənnasız, özünü reklam etmədən və ölkəmizdəki hər hansı siyasi qüvvəyə bağlı olmadan müdafiə eləyir, Ermənistana qarşı kəskin çıxışlar edirdi: "Bunu bəzi soydaşlarımızın başqa ölkəyə gedən kimi sülhpərvər çağırışları, ”kompromis" yanaşmaları ilə müqayisə etməyi öz öhdənizə buraxıram. Orxan da atası kimi məzhəbçiliyə varmadan müsəlmanların dayağı idi. Rusiyanın ictimai və elmi həyatında fəal iştirak edirdi, elitar, ziyalı, jurnalist idi. Mövqeyini həmişə açıq, heç kəsdən çəkinmədən, kiməsə xoş gəlmək niyyəti olmadan söyləyirdi.
Atasından sonra Rusiyada onun kimi ikinci soydaşımız yox idi. Nümunə idi. Müsəlman kimi, azərbaycanlı kimi, kişi kimi yaşadı və öldü".
Ə.Həsənov onu da bildirib ki, O.Camal Mərkəzi Afrika Respublikasına rusiyalı muzdlular haqda jurnalist tədqiqatı aparmaq üçün getmişdi:
"Onunla birlikdə iki rusiyalı həmkarı da güllələnib. Yalnız yerli sakin olan sürücünü öldürməyiblər. Yəni şərhə ehtiyac yoxdur, hər şey göz qabağındadır”.






Fikirlər