A.Əsgərovun qardaşının adı maliyyə qalmaqalında...

 

 

Rayonun icra başçısı yerli sakinləri narahat edən problemlərlə niyə maraqlanmır?

 

Qazax-Quşçu Ayrım yolunun təmiri üçün ayrılan 1,7 milyon manat necə xərclənib?

Təxminən 100 min nəfərə yaxın əhalisi olan Qazax Azərbaycanın cəbhə xəttində yerləşən rayonlarından biridir. Rayonun düşmənlə üzbəüz mövqedə dayanan kəndlərinin sakinləri demək olar ki, hər gün atəşkəsin pozulmasının şahidi olurlar. Buna baxmayaraq, onlar düşməndən qorxub-çəkinmir və çətin də olsa doğma yurd-yuvalarında yaşamağa davam edirlər.

Amma müxtəlif sosial problemlər Qazaxın həm cəbhəyanı kəndlərində, həm də mərkəzi hissələrində yaşayan sakinləri narahat etməkdədir. Rayonda fəaliyyət göstərən bəzi idarə və müəssisələrin rəhbər işçilərinin camaata əlavə problemlər yaratması isə vəziyyəti daha da dözülməz edir. Qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı Ayaz Əsgərovdur. Yerli sakinlər redaksiyamıza bildiriblər ki, adıçəkilən məmur vəzifəyə təyin olunandan indiyə kimi onların heç bir problemi ilə maraqlanmayıb və dövlət büdcəsindən ayrılan vəsaitləri düzgün formada xərcləməyib: "4 il bundan əvvəl, yəni Ayaz müəllim icra başçısı vəzifəsinə təyin olunanda biz sevindik. Ki, rayonun sosial problemləri bundan sonra həllini tapacaq. İcra hakimi ilk günlərdə özünü işgörən biri kimi göstərmişdi. Aradan müəyyən müddət keçəndən sonra isə icra başçısının necə işlədiyinin şahidi olduq. Hazırda rayonun əksər kəndlərində müxtəlif sosial problemlər mövcuddur. Ümumi götürsək, Qazaxın təhsili, səhiyyəsi, yolları, sosial müdafiə şöbəsi, əhalinin sosial müdafiəsi mərkəzi və digər yerli qurumlarının vəziyyəti olduqca bərbaddır. Rayon rəhbəri sakinlərlə tez-tez görüşlər keçirib onların probleminə, müraciətinə qulaq asmır. O, daim özünü ətraf aləmdən təcrid edir, əhali arasına çıxmır, sosial problemlərin varlığını öz gözü ilə görməyə cəhd etmir. Rayon rəhbəri vəzifəyə gələn gündən ancaq özünə güzəran yaratmaqla məşğuldur. Qazaxın mərkəzi ərazilərində çoxillik ağaclar var idi. Ayaz Əsgərovun sayəsində artıq həmin yaşıllıqlardan əsəl-əlamət belə qalmayıb. İndi həmin ağacların yerində müxtəlif iaşə obyektləri fəaliyyət göstərir. Rayonun mərkəzi küçələrindəki iri ticarət mərkəzlərindən bir neçəsinin məhz icra hakiminə aid olduğu bildirilir". Narazı vətəndaşların sözlərinə görə, Qazaxda əhalinin istirahət edə bilməsi üçün normal park, yaxud istirahət mərkəzi yoxdur: "İcra başçısının və digər yerli məmurların əllərində imkan olsa, parkların ərazisini də bölüşdürülüb gəlir əldə edərlər. Biz dəfələrlə rayon rəhbərliyinə müraciət edib sosial problemlərin yoluna qoyulması üçün kömək istəmişik. Səsimizi eşidən yoxdur. Ayaz Əsgərovun qəbul günləri yalnız kağız üzərindədir. Başçının qəbuluna düşmək müşkül məsələdir. O ancaq özü barəsində tərif deməyi bacaran bir neçə vətəndaşı qəbul edib, heç bir əhəmiyyət kəsb etməyən söhbətlər aparır. Dərdli insanları isə özünə yaxın buraxmır. Qazaxın yollarından danışmağa dəyməz.

Rayonun kəndarası yolları istifadəyə tam yararsız vəziyyətdədir.

Ayaz Əsgərovun xoşa gəlməyən idarəçiliyi rayonun yollarına baxanda dərhal hiss olunur. Prezident İlham Əliyev ötən il özünün ehtiyat fondundan Qazax-Quşçu Ayrım yolunun təmiri üçün 1,7 milyon manat pul ayırmışdı. Quşçu-Ayrım kəndində bu gün də yol əsas problemdir. Bu problem də onların təhlükəsizlikləri ilə birbaşa bağlıdır. Əsas magistral yol Ermənistan ordusunun postlarının qarşısından keçir. Atışma olduqda oradan keçə bilmirik. Məcbur olub dağ yolu ilə hərəkət edirik. O yola da maşınlar tab gətirmir. Məsələ burasındadır ki, görülən işlərin nəticəsi yaxşı deyil. Rayonumuzda yolların çəkilməsinə bu qədər vəsait ayrılıb, amma ortada bir şey yoxdur. Pul ayrıldığı məqsədə tam istifadə olunmur". Qazax sakinlərini narahat edən əsas problemlərdən biri də su qıtlığı ilə bağlıdır: "Bir müddət əvvəl artezian qazdılar, heç bir nəticəsi olmadı. Texniki suvarma üçün xətt çəkmək istəyirdilər, o da heç bir nəticə vermədi. İçməli su ən aktual problemdir. Camaat məcburiyyət qarşısında kilometrlərlə məsafə qət edib su daşımalı olur".

Onu da bildirək ki, ötən il Hesablama Palatası dövlət büdcəsinin investisiya xərclərinin auditi zamanı böyük korrupsiya halları aşkarlayıb. Belə ki, Qazax Rayon İcra Hakimiyyətinə məktəb tikintisi üçün dövlət büdcəsinin əsaslı vəsait qoyuluşundan və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitin təftişi zamanı ciddi nöqsanlar üzə çıxıb. Əsas qanun pozuntuları tender qaydalarında, layihə-smetanın hazırlanmasında, smeta dəyərinin şişirdilməsində qeydə alınıb. Deyilənə görə, icra başçısı cinayət işindən yayınmaq üçün yuxarılara təqdim etdiyi hesabatda şişirdilmiş rəqəmləri göstərir. Bir sözlə, Ayaz Əsgərovun fəaliyyəti qazaxlıları qane etmir. Odur ki, icra başçısı yaxın vaxtlarda tutduğu vəzifədən uzaqlaşdırıla bilər.

 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

(gündelikbakı.com)






Fikirlər