Balıq ovu bir çox insanlar üçün "xəstəliyinə" çevrilib. Özünün işi, peşəsi olsa da, əlavə vaxt tapan kimi balıq tutmaq üçün uzaq yerlərə, rayonlara yollanan insanlar heç də az deyil.
Amma bəziləri balıq tutmağı yox, balığın kökünü kəsməyi sevir. Bu formada təbiətə, ekologiyaya zərər vuran insanlar hələ də aramızda yaşayırlar. Onlardan bir neçəsi bu yaxınlarda Sumqayıt şəhərində peyda olub.
Musavat.com xəbər verir ki, Sumqayıt şəhərinin 18-ci mikrorayon adlanan ərazisindəki kanalda kütləvi balıq qətliamı baş verib. Özlərini balıqçı hesab edən naməlum şəxslər, kanala naqillər vasitəsi ilə elektrik verərək, suda olan balıqları öldürüblər.
Ekologiya düşmənləri özlərinə sərf edən balıqları sudan çıxarıb, aparıblar. Geridə isə hələ balaca olan, 1000-ə yaxın müxtəlif növdə olan balıq ölmüş halda suyun üzündə qalıb.
Son zamanlar bu tipli hadisələr çoxalıb. Özlərini əziyyətə salıb, tilovla balıq tutmaq istəməyənlər, bu yola əl ataraq, işlərini rahatlaşdırırlar. Amma düşünmürlər ki, onların cibləri bir az pul görəcək deyə, balıqların kökünü kəsmək olmaz.
Suya elektrik verən zaman, orada olan bütün canlı aləm məhv olur. Bu da ekologiyamıza dəhşətli ziyan verir. Bunun qarşısını mütləq almaq lazımdır.
Hadisə şahidlərinin verdiyi məlumata görə, həmin şəxslər bir neçə gün bu çirkin əməl ilə məşğul olublar:"Mən bu kanalın yanından gedib-gəlirəm. Bir neçə nəfər kanalda "tok"la balıq tuturdu. 220 voltluq naqilləri dəmir bir parçaya bağlayıb, atmışdılar kanala. Guya balıq tuturlar. İndi isə həmin kanalda xırda balıqlar ölüblər və suyun üzünə çıxıblar. Bu, insanlıq deyil. Bütün balıqları məhv ediblər".
Məlumat üçün qeyd edək ki, bəzən elektriklə balıq "tutan" şəxslər, qazdıqları quyuya, özləri düşürlər. Belə ki, suya elektrik buraxmaqla balıq tutmaq istəyən bəzi "balıqçılar", ehtiyatsızlıqdan özləri elektrik naqilinə toxunur və hadisə yerindəcə ölürlər.
Suya elektrik ötürərək balıq tutmaq istəyənlərə cəza verilməsi mütləqdir. Onların etdikləri bu hərəkətin qarşısı alınmasa, yaxın zamanlarda kanallarda, göllərdə, çaylarda balıq tükənəcək.
Aidiyyəti qurumları öz işlərini daha məsuliyyətli görməyə dəvət edirik.
Məhəmməd Türkmən